“ExpressBank” 2022-ci ilin son rübünə olan hesabatını açıqlayıb. Hesabata görə sözügedən bankın xalis mənfəəti 4 milyon 707 min manat və ya 61.1% artaraq 12 milyon 408 min manata çatıb.
Kommersant.az xəbər verir ki, “ExpressBank”ın məcmu kapitalı 12 milyon 243 min manat və ya 10.1% artaraq 132 milyon 860 min manata bərabər olub.
AKTİVLƏR CƏMİ ARTIB
Bankın cəmi aktivləri 1 il ərzində 85 milyon 588 min manat və ya 24.3% artaraq 436 milyon 956 min manata yüksəlib. Bu artımın 41.6%-i kredit portfelinin payına düşüb. Belə ki, sözügedən portfel 2021-ci ili son rübü ilə müqayisədə 35 milyon 645 min manat və ya 13.6% artaraq 297 milyon 84 min manata bərabərləşib. Hər il olduğu kimi 2022-ci ildə də portfelin əsasını artıran kredit istehlak krediti olub. Bankın istehlak kreditləri 159 milyon 369 min manat olub ki, bu da 2021-ci ilin son rübü ilə müqayisədə 21 milyon 382 min manat və ya 15.5% çoxdur. Biznes kreditləri isə 6 milyon 330 min manat və ya 0.7% artaraq 95 milyon 845 min manata bərabərləşib. Bankın hesabatına görə il sonunda daşınmaz əmlaka verilən kreditlər 7 milyon 933 min manat və ya 23.4% artaraq 41 milyon 870 min manata bərabər olub.
“ExpressBank” mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 5 milyon 427 min manat azaldaraq 5 milyon 456 min manata endirib. Nəticədə bankın xalis kreditləri 291 milyon 628 min manat təşkil edib. Bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 41 milyon 72 min manat və ya 16.4% çoxdur.
ƏMANƏTÇİLƏRİN VƏSAİTİ ARTIB
Bankın öhdəlikəri 1 il ərzində 80 milyon 307 min manat və ya 35.3% artaraq 307 milyon 821 min manata yüksəlib. Bu yüksəlmənin 46.1%-ni depozit portfeli təşkil edib. Belə ki, sözügedən portfel 37 milyon 24 min manat və ya 23.7% artaraq 193 milyon 107 min manat olub.
Fiziki şəxslərin “ExpressBank”dakı əmanətləri 2022-ci ilin sonuna 32 milyon 372 min manat və ya 27.2% artaraq 151 milyon 238 min manata çatıb. Hüquqi şəxslərin əmanətləri isə 4 milyon 652 min manat və ya 12.5% artaraq 41 milyon 870 min manat olub. Yəni, “ExpressBank” fiziki şəxslərin əmanətlərinə daha çox üstünlük verib.
CƏMİ KAPİTALI ARTIB
Bankın səhmdar kapitalı (112 milyon 545 min manat) və səhmin qiymətinin dəyişməsindən gəlir (0 manat) dəyişməyib. Amma bölüşdürülməmiş mənfəət 4 milyon 708 min manat və ya 61.1% artaraq 12 milyon 409 min manata, ümumi ehtiyatları isə 573 min manat və ya 15.9% artaraq 4 milyon 181 min manata çatıb. Nəticədə bankın cəmi kapitalı 5 milyon 281 min manat və ya 0.4% artaraq 129 milyon 135 min manata bərabərləşib.
FAİZ GƏLİRLƏRİ VƏ ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
“ExpressBank” 2022-ci ilin sonunda faiz gəlirlərini 6 milyon 807 min manat və ya 14.4% artıraraq 48 milyon 257 min manata, faiz xərclərini isə 2 milyon 969 min manat və ya 40.5% artıraraq 10 milyon 302 min manata çatdırıb. Nəticədə bankın xalis faiz gəliri 37 milyon 955 min manat olub ki, bu da 2021-ci ilin eyni rübü ilə müqayisədə 3 milyon 118 min manat və ya 0.8% və çoxdur.
Qeyri-faiz gəlirini 4 milyon 607 min manat və ya 33.3% artıraraq 18 milyon 439 min manata, qeyri-faiz xərclərini isə 5 milyon 280 min manat və ya 15% artıraraq 40 milyon 381 min manata yüksəldib. Buna görə də bankın əməliyyat mənfəəti 16 milyon 13 min manat olub. Bu da 2021-ci ilin son rübü ilə müqayisədə 2 milyon 445 min manat və ya 18% artıb.