“Bank Avrasiya” 2022-ci ilin son rübünə olan hesabatını açıqlayıb. Hesabata görə sözügedən bankın xalis mənfəəti 1 milyon 23 min manat və ya 13 dəfə artaraq 1 milyon 815 min manata yüksəlib.
"Kommersant.az" xəbər verir ki, bankın məcmu kapitalı isə 1 milyon 606 min manat və ya 0.2% azalaraq 69 milyon 326 min manata enib.
AKTİVLƏR CƏMİ VƏ KREDİT PORTFELİ ARTIB
“Bank Avrsaiya”nın aktivlər cəmi 2021-ci ilin son rübü ilə müqayisədə 56 milyon 824 min manat və ya 33.9% artaraq 224 milyon 268 min manata çatıb. Bu artımın 19.6%-i kredit portfelinin payına düşüb. “Bank Avrasiya”nın kredit portfeli 11 milyon 131 min manat artaraq 125 milyon 352 min manata çatıb. Bu artımda istehlak kreditləri 2022-ci ilin sonunda 8 milyon 876 min manat olub. Bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 4 milyon 955 min manat və ya 1.3 dəfə çoxdur. Bankın biznes kreditləri isə 4 milyon 554 min manat və ya 0.6% azalaraq 66 milyon 900 min manata enib.
“Bank Avrasiya”nın daşınmaz əmlaka ayırdığı kredit 49 milyon 574 min manat olub ki, bu da 2021-ci ilin sonu ilə müqayisədə 10 milyon 729 min manat və ya 27.6% çoxdur.
Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 3 milyon 368 min manat azaldaraq 15 milyon 415 min manata salıb. Bununla da bankın xalis kreditləri 14 milyon 499 min manat artaraq 109 milyon 936 min manata bərabərləşib.
ÖHDƏLİK VƏ DEPOZİT PORTFELİ ARTIB
Bankın öhdəliklər cəmi 2021-ci ilin müvafiq dövrü iklə müqayisədə 54 milyon 761 min manat və ya 57.2% artaraq 150 milyon 461 min manata bərabərləşib. Bu artımın 54.1%-i depozit portfelinin payına düşüb. Belə ki, bakın depozit portfeli 1 il ərzində 29 milyon 631 min manat və ya 59.1% artaraq 79 milyon 699 min manat olub.
Fiziki şəxslərin banka əmanət etdikləri vəsait 23 milyon 415 min manat və ya 53.6% artaraq 67 milyon 71 min amnat olub. Hüquqi şəxslərin əmanətləri isə 6 milyon 216 min manat və ya 96.9% artaraq 12 milyon 628 min manata yüksəlib.
Səhmdar kapitalını artırmayan bankın bölüşdürülməmiş mənfəəti 1 milyon 816 min manat artaraq 21 milyon 849 min manata çatıb. “Bank Avrasiya”nın ümumi ehtiyatları isə 248 min manat və ya 14.5% artaraq 1 milyon 957 min manata bərabərləşib. Bununla da bankın cəmi kapitalı 2 milyon 63 min manat və ya 0.3% artaraq 73 milyon 806 min manata yüksəlib.
XALİS FAİZ GƏLİRİ VƏ ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
Bankın faiz gəliri 2021-ci ilin son rübü ilə müqayisədə 1 milyon 36 min manat artaraq 12 miylon 752 min manata, faiz xərcləri isə 330 min manat artaraq 2 milyon 183 min manata çatıb. Bununla da bank xalis faiz gəliri əldə edib. 10 milyon 569 min manatlıq xalis faiz gəliri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 706 min manat və ya 0.7% çoxdur.
Bankın qeyri-faiz gəliri 536 min manat artaraq 2 milyon 772 min manata, qeyri-faiz xərcləri isə 932 min manat artaraq 6 milyon 931 min manata çatıb. Nəticədə bank əməliyyat mənfəəti əldə edib ki, bu da 2021-ci ilin son rübü ilə müqayisədə 310 min manat və ya 0.5% çoxdur.