“Ziraat Bank Azərbaycan” 2022-ci ilin son rübünə olan hesabatını açıqlayıb. Hesabata görə sözügedən bankın xalis mənfəəti 526 min manat və ya 0.7% artaraq 7 milyon 559 min manata yüksəlib.
"Kommersant.az" xəbər verir ki, bankın məcmu kapitalı 2021-ci ilin son rübü ilə müqayisədə 24 milyon 365 min manat və ya 31.2% artaraq 102 milyon 393 min manata çatıb.
“Ziraat Bank”ın aktivlər cəmi 2021-ci ilin eyni rübü ilə müqayisədə 140 milyon 829 min manat və ya 36.2% artaraq 528 milyon 899 min manata bərabər olub. Bu artımın 61.3%-i kredit portfelinin payına düşüb. Belə ki, bankın kredit portfeli 86 milyon 367 min manat və ya 37.3% artaraq 317 milyon 579 min manata yüksəlib.
Bankın istehlak kreditəri 1 il ərzində 466 min manat azalsa da, biznes kreditləri 82 milyon 878 min manat və ya 36.6% artaraq 308 milyon 960 min manata çatıb. “Ziraat Bank” daşınmaz əmlak kreditinə isə 6 milyon 163 min manat ayırıb ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 3 milyon 955 min manat və ya 1.8 dəfə çoxdur.
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 6 milyon 306 min manat artıraraq 10 milyon 868 min manata yüksəldən “Ziraat Bank”ın xalis kreditləri 306 milyon 711 min manata bərabər olub. Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 80 milyon 61 min manat və ya 5.3% çoxdur.
DEPOZİT PORTFELİNƏ GÖRƏ ÖHDƏLİKLƏRİ 38.2% ARTIB
“Ziraat Bank”ın öhdəliklər cəmi 116 milyon 786 min manat və ya 38.2% artaraq 306 milyon 711 min manata bərabərləşib. Bu artımın 92.2%-i depozit portfelinin payına düşüb. Bankın sözügedən portfeli 107 milyon 661 min manat və ya 51.2% artaraq 422 milyon 458 min manat olub.
Fiziki şəxslərin əmanətləri 1 il ərzində 51 milyon 931 min manat artaraq 123 milyon 679 min manata çatıb. Hüquqi şəxslərin əmanətləri isə 55 milyon 730 min manat və ya 40.3% artaraq 194 milyon 126 min manata bərabərləşib.
Bölüşdürülməmiş mənfəətini 7 milyon 559 min manat və ya 27.8% artıraraq 34 milyon 706 min manata, ümumi ehtiyatlarını isə 984 min manat artıraraq 6 milyon 234 min manata çatdırıb.
Bununla da bankın cəmi kapitalı 24 milyon 42 min manat və ya 29.2% artıraraq 106 milyon 440 min manata bərabər edib.
XALİS FAİZ GƏLİRİ VƏ ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
“Ziraat Bank”ın faiz gəliri 6 milyon 170 min manat artaraq 31 milyon 496 min manata, faiz xərcləri isə 331 min manat azalaraq 7 milyon 100 min manata bərabərləşib. Nəticədə bankın xalis faiz gəliri 8 milyon 287 min manat və ya 58.1% artaraq 22 milyon 539 min manata çatıb.
Qeyri-faiz gəlirini 5 milyon manat artıraraq 13 milyon 179 min manata, qeyri-faiz xərclərini isə 3 milyon 384 min manat artıraraq 16 milyon 783 min manata yüksəldib. Bununla da “Ziraat Bank” əməliyyat mənfəəti əldə edib. Bankın sözügedən mənfəəti 1 il ərzində 9 milyon 905 min manat artaraq 18 milyon 936 min manatda qərarlaşıb.