Azərbaycanda fəaliyyət göstərən bankların bölüşdürülməmiş mənfəəti və yığılmış zərəri bəlli olub.
Kommersant.az xəbər verir ki, bankların açıqladığı maliyyə hesabatına görə, Azərbaycanda fəaliyyət göstərən 25 bankdan 6-ı yığılmış zərər, 19-u isə bölüşdürülməmiş mənfəətinin olduğunu açıqlayıb. Bunlardan 2-i RETAİL, 6-sı isə korporativ bankdır. 5 bankın yığılmış zərəri azalsa da 1 bankın sözügedən zərəri 2021-ci ilin son rübü ilə müqayisədə 2022-ci ilin sonunda daha da artıb.
YIĞILMIŞ ZƏRƏRİ OLAN BANKLAR
“AccessBank” 2022-ci ilin sonunda yığılmış zərəri olduğunu və bu zərərin 2021-ci ilin sonu ilə müqayisədə 10 milyon 325 min manat və ya 5,9% azalaraq 165 milyon 222 min manata düşdüyünü bildirib.
Bakının Ticarət Bankı digər bankın əksinə yığılmış zərərini artırıb. “Bank BTB”nin yığılmış zərəri 2022-ci ilin sonunda 19 milyon 402 min manata bərabər olub. Bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 4 milyon 429 min manat və ya 29,6% çoxdur.
Rusların bankı “qonşudan qalma geri” prinsipi ilə yığılmış zərərini mənfəətə çevirə bilməyib. Bankın sözügedən zərəri 11 milyon 904 min manat və ya 4,8% azalaraq 236 milyon 833 min manata düşüb.
“Günay Bank” da 2022-ci ili yığılmış zərərlə başa vurub. Onun zərəri 2021-ci ilin son rübü ilə müqayisədə 491 min manat və ya 29,7% azlaraq 1 milyon 160 min manata düşüb. Ən az zərər göstərən bankın önümüzdəki ildə “Gün”ünün yenidən çıxacağı ümid edilir.
Farsların bankı da yığılmış zərəri olduğunu və bu zərərin 1 milyon 867 min manat və ya 4,9% azalaraq 36 milyon 325 min manata düşdüyünü bildirib. "Melli İran Bankı"nın Azərbaycandakı filialı, yəni farsların dövlət bankının ölkəmizdəki filialının zərəri Tehrandan qaynaqlanır. Molla rejiminin Azərbyacandakı bankını dirçəltmə kimi bir planı olduğu vaxt yəqin ki, bundan xəbər tutacağıq.
“MuğanBank” digər iki korporativ bankı yalnız buraxmaq istəmədiyi üçüb 2022-ci ili “bilərək” yığılmış zərərlə başa vurub. Onun zərəri 2021-ci ilin sonu ilə müqayisədə 424 min manat və ya 1,8% azalaraq 23 milyon 650 min manata enib.
Bununla da ən çox zərərdə olan “Bank VTB”, ən az zərərdə olan bank isə “Günay Bank” olub.
KORPORATİV BANKLAR
Korporativ banklar arasında ən yüksək bölüşdürülməmiş mənfəətə “Kapital Bank” sahib olub. Onun sözügedən mənfəəti 154 milyon 772 min manat və ya 42,6% artaraq 517 milyon 817 min manata yüksəlib. Bununla da "Paşanın bankı" siyahıya görə lider kürsüsünə əyləşib.
Bölüşdürülməmiş mənfəətə ən az sahib olan korporativ bank isə “Azər Türk Bank” olub. Dövlətin bankı 15 milyon 406 min manatlıq mənfəətlə siyahıda sonuncu olub, amma onun sözügedən mənfəəti 2021-ci ilin son rübü ilə müqayisədə 2.3 dəfə artıb. Faiz nisbətinə görə bölüşdürülməmiş mənfəətini ən çox artıran bank da elə dövlət bankıdır.
RETAİL BANKLAR
RETAİL banklar arasında ən çox bölüşdürülməmiş mənfəətə “Yelo Bank” sahib olub. Sarışın bankın mənfəəti 1 il ərzində 5 milyon 231 min manat və ya 1,6% azalaraq 309 milyon 13 min manat olub. Bu azalmaya görə, "utanaraq qızaran" “Yelo Bank” rəqibləri arasında lider olduqdan sonra saralaraq öz rənginə qayıdıb.
“TuranBank”ın yığılmış zərəri olmasa da, bölüşdürülməmiş mənfəətinə görə siyahıda sonuncu yerdə qərarlaşıb. Onun “bir damcı” olan mənfəəti 1 il ərzində nə azalıb, nə də çoxalıb. Nəticədə 724 min manata bərabər olub. Bununla da “Turan Bank” rəqib banklar tərəfindən "quyunun dibinə atılıb".