Azərbaycanda fəaliyyət göstərən bankların xalis mənfəəti üzrə vəziyyəti bəlli olub.
Kommersant.az xəbər verir ki, bankların açıqladığı maliyyə hesabatına görə, Azərbaycanda fəaliyyət göstərən 25 bankdan 24-ü xalis mənfəət, digəri isə zərərdə olduğunu bildirib. 25 bank arasında zərərdə olan tək bank “Bank BTB” olub. Onun xalis zərəri 2022-ci ilin sonunda 4 milyon 975 min manat olub ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 5 milyon 521 min manat çoxdur. Yəni, bank 2021-ci ili xalis mənfəətlə başa vurub.
Korporativ banklar arasında ən yüksək xalis mənfəət əldə edən bank “Kapital Bank” olub. Onun xalis mənfəəti 1 il ərzində 128 milyon 84 min manat və ya 71.7% artaraq 308 milyon 47 min manata çatıb.
Ən az xalis mənfəət əldə edən korporativ bank “Muğan Bank” olub. “Muğan Bank”ın xalis mənfəəti cəmi 56 min manat olub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 496 min manat və ya 96.4% azdır.
Retail banklar arasında isə liderlik kürsüsünə “Bank of Baku” oturub. Onun xalis mənfəəti 2021-ci ilin eyni rübü ilə müqayisədə 13 milyon 805 min manat və ya 59.9% artaraq 36 milyon 865 min manata yüksəlib.
Retail banklar arasında ən az gəlir əldə edən isə “UniBank” olub. O, 2022-ci ilin sonunda 557 min manat xalis mənfəət əldə edib ki, bu da 2021-ci ilin sonu ilə müqayisədə 4 milyon 131 min manat və ya 88.1% azdır.
Qeyd edək ki, 25 bank arasında yalnız “Bank BTB”nin xalis zərərdə olması ayıbdır. Digər 24 bank kampaniya başladaraq bank başına 230 min manat yığıb sözügedən banka ianə etsələr, Azərbaycanda zərərdə olan bank olmaz. Təbii ki, bu məbləğ bankın yığılmış zərərini qarşılamır, amma yenə də "qırılan qoşundandır".