Fiziki şəxslərin Azərbaycanda fəaliyyət göstərən 25 bankdan hansına daha çox güvəndiyi və depozitlərini hansı banka əmanət etdiklərini araşdırdıq.
Kommersant.az xəbər verir ki, bankların açıqladığı maliyyə hesabatına görə, Azərbaycanda fəaliyyət göstərən 25 bankdan 3-də fiziki şəxslərin əmanətləri azalıb.
FİZİKİ ŞƏXSLƏRİ İTİRƏN BANKLAR
Əksər renkinqlərdə olduğu kimi olmazsa, olmazımız “Bank BTB”. Bu bankda fiziki şəxslərin əmanətləri 2022-ci ilin sonunda 6 milyon 79 min manat olub. Bu da 2021-ci ilin son rübü ilə müqayisədə 569 min manat və ya 8.5% azdır.
Heç unutmuram 2020-ci ilin aprel ayının sonlarında “AmrahBank”ın lisenziyası əlindən alınmışdı. Özü də bu yeni baş ofisinə təzə-təzə köçən vaxtlarda baş vermişdi. Bankın liftləri heç istifadəyə verilməmişdi ki, "içəri kostyumlu bir adam girdi". Amma bu adam müştəri yox, sən demə inzibatçı imiş. Elə nə oldusa, ondan sonra oldu. Sözüm ona ki, “Bank BTB”nin də binası “AmrahBank”ın binasından geri qalmır. Özü də liftləri də işlək vəziyyətdədir. Yəni, lisenziyasının əlindən alınmasına 4 milyon manata yaxın məcmu kapitalı qalan bankın binasına heyifim gəlir.
Digər azalma isə “Naxçıvan Bank”da baş verib. O, fiziki şəxslərin əmanətlərini 2021-ci ilin son rübü ilə müqayisədə 12 milyon 660 min manat və ya 55% itirərək 10 milyon 370 min manata düşüb. Bu bankın adı çəkilən kimi Vasif Talıbov yadıma düşür. Naxçıvan o boyda “xanını” itirib fiziki şəxslərin depozitləri onun yanında nədir ki?
“Paşa Bank”ın əmanətçiləri də bankın qapısını çıxanda arxadan örtüblər. Çünki, bank fiziki şəxslərin depozitlərini əlində tuta bilməyib. Paşanın bankı 1 il ərzində 71 milyon 872 min manat və ya 4.4% depozit itirərək fiziki şəxslərin əmanətlərini 1 milyard 568 milyon 704 min manata endirib.
Analarımız evdə təmizlik işləri görəndə telefonumuzu, pencəyimizi götürüb evdən gedirik ki, nə vaxt təmizlik bitər, gələrik. Yəqin bu bankda da təmizlikçi xalalar kassanı təmizləyirmiş, fiziki şəxslərdən bəzilərinin pullarını özlərinə veriblər ki, “ay bala sən çıx bayırda gözlə, təmizlik bitəndə gələrsən”.
KORPORATİV BANKLAR
Korporativ banklar arasında fiziki şəxslərdən ən çox əmanət toplayan bank “Azərbaycan Beynəlxalq Bankı” olub. Onun sözügedən əmanətləri 1 il ərzində 624 milyon 104 min manat və ya 48.6% artaraq 1 milyard 907 milyon 78 min manata yüksəlib.
Fiziki şəxslərin ən az əmanətlərinə göz-qulaq olan korporativ bankımız isə yenə də “Bank BTB” olub. Dövlətin bankı da stolun başında oturub bu fağır banka acıq verir.
RETAİL BANKLAR
Retail banklar arasında fiziki şəxslərin ümid qapısı “UniBank” olub. Onun sözügedən əmanətləri 2021-ci ilin son rübü ilə müqayisədə 131 milyon 996 min manat və ya 43.4% artaraq 435 milyon 864 min manata yüksəlib. “UniBank” orda-burda sənin bankın, sənin bankın deyə-deyə kimin cibində pul var götürüb atıb kassaya ki, "qardaş get ayın axırı gələrsən".
Fiziki şəslərin ən az etibar etdiyi retail bank isə "rusların bankı" olub. “Bank VTB (Azərbaycan)”ın fiziki şəxslərdən topladığı depozitlər 2021-ci ilin sonu ilə müqayisədə 9 milyon 920 min manat və ya 18.4% artaraq 63 milyon 793 min manata yüksəlib.