Əhalinin banklardakı əmanətlərinə verginin tətbiq olması bankların depozit portfelinə ciddi təsir göstərəcək. Bu vergidən ən çox zərər çəkən banklar isə kiçik və orta banklar olacaq.
Kommersant.az xəbər verir ki, kiçik və orta bankların əmanət sıxıntısı çəkdiyi dövrdə Azərbaycan Mərkəzi Bankının (qısaca - AMB) bu addımı onların bundan sonrakı fəaliyyətinə ciddi təsir göstərəcək. Çünki, hazırda bankların əlində olan əmanətlərin əksəriyyəti böyük bankların əlindədir.
2023-cü il yanvar ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 20 milyon 184 min manat təşkil edib. Onun 16 milyon 575 min manatı uzunmüddətli kreditlər olub. Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2023-cü il yanvar ayının 1-nə 11 milyon 743 min manat olub.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Samir Əliyevə müraciət etdik. O isə depozitlərin normadan çox olmasından danışdı.
Onun sözlərinə görə, depozit normadan çoxdur. Əmanətləri də depozitə daxil etsək, depozitlərin həcmi kreditlərin həcmindən çoxdur. Bank depoziti götürüb kredit şəklində verir. Depozit krediti aşırsa, deməli bank o pulu reallaşdıra bilmir. Çünki bank müştəridən aldığı depozit üçün 10-12% illik faiz ödəməlidir. Ona görə də banklar əlində olan depozitləri qiymətli kağızlara yönəldirlər.