Azərbaycan Mərkəzi Bankı (qısaca – AMB) maliyyə sektorunu təzyiq altına salıb bazarı kiçiltməyə çalışır. Maliyyə sektorunda kiçilməni hədəfləyən AMB Azərbaycandakı bankların sayını azaltmağı hədəfləyib. Bununla yanaşı ölkəmizdəki inflyasiya həddini də nəzarətə alan AMB bundan istifadə edərək maliyyə sektoruna təzyiqini daha da artırır.
"Kommersant.az" xəbər verir ki, AMB cari ilin yanvar ayında bankların məcburi ehtiyat normasını 4 faizdən 5 faizə yüksəldib. Bununla da bankların əhalidən topladığı əmanətlərin 5 faizini məcburi olaraq AMB kassasına göndərməlidir. Bundan sonra isə fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızlar üzrə ödənilən dividend, diskont faiz gəlirləri gəlir vergisi ödəməsi barədə xəbərlər əhalinin qulağına çatıb. Əvvəla onu bildirək ki, Azərbaycanda əhalinin əmanətləri kredit portfelindən iki dəfə azdır. Yuxarıda qeyd olunan yeni qanunlara görə isə fiziki şəxslərin banklardakı əmanətlərinin həcmində bundan sonra azalmalar müşahidə olunacaq. Bu da kiçik və orta bankları yavaş-yavaş sıradan çıxaracaq. Bəlkə də AMB-nin də məqsədi elə budur. Bununla bankların sayını azaldaraq daha sağlam bank sektoru qurmaq niyyətindədir, amma bu cəhdin uğursuz olduğunu indidən demək çətin deyil. Çünki, resurs problemi çəkən bankların önünə əngəllər qoymaq və buna görə də bazardan uzaqlaşmasını təmin etmək Azərbaycanda bank sektoruna ciddi təhlükələr yaradacaq. Yəni, bankların çətinliklərlə üzləşməsi heç kimin xoşuna gəlməyəcək. Bu çətinlikləri təkcə banklar yox, əhali də hiss edəcək. Amma bunları AMB-nin və ya "başbilən"lərin düşündüyünə heç də inanmıram.
BANKLARIN ÇƏTİNLİKLƏRİ
Azərbaycan bankları arasında kiçik və orta bankların mövcud bazarda resurs azlığından əziyyət çəkdiyi sirr deyil. Ölkəmizdə fəaliyyət göstərən 25 bank arasında 4 böyük bank fiziki şəxslərin əmanətlərin 36,12 faizinə sahibdir. Geri qalan 63,88 faizi isə 21 bank arasında paylanır. Belə ki, 2022-ci ilin sonunda fiziki şəxslərin bankdakı əmanətləri 19 milyard 303 milyon 549 min manat olub. Bunun 6 milyard 973 milyon 492 min manatına “Azərbaycan Beynəlxalq Bankı” (1 milyard 907 milyon 78 min manat), “Kapital Bank” (1 milyard 642 milyon 452 min manat), “Paşa Bank” (1 milyard 568 milyon 704 min manat) və “Xalq Bank” (1 milyard 855 milyon 258 min manat) sahibdir.
Bu bankların resurs sıxıntısı yoxdur. Hətta bəzən topladıqları əmanətlətlər kredit portfelindən çox olduğuna görə əldə olunan vəsaitləri qiymətli kağızlara yönəldirlər. Digər bankların məcburi ehtiyyat norması və vergi tətbiqolmasından ağır əziyyət çəkərək kiçilməsi də hazırda böyük olan bankların daha da böyüməsinə planlaşdırılmış siyasət olduğunu düşündürür. Çünki, fiziki şəxslərin 21 bank arasında bölünən əmanətlərinin (söügedən əmanətlərin 63,88 faizi) mövcud 10 bankın lisenziyasını ləğv edərək ən çox halda 15 bank arasında paylanması daha məqbul hesab edilir. Yəni, AMB yaralı barmağı müalicə etmək əvəzinə kəsərək ondan qurtulmağı planlayır.
Cari ilin fevral ayında uçot dərəcəsini 0,25 faiz artıraraq 8,5 faizə çatdıran AMB bankların səbr kasalarına "damla-damla su tökür". Bu da tənzimləyici qurumun banklara verdiyi kreditin faiz dərəcəsidir. Yəni banklar bundan sonra AMB banklara 8,5 faizlə kredit verəcək. 2022-ci ilin sonunda isə AMB-yə yüksək borcu olan bankla.rın əksəriyyətinin kiçik bank olduğu məlum olub. Yəni, yıxılana balta vurmaq adəti burda da özünü göstərir.
25 bank arasında 19 bankın AMB və fondlara borcu var. Bunlardan 3-ü xarici bank olduğunu da vurğulamaq lazımdır. 2022-ci ilin sonunda AMB və fondlara ən çox borcu olan bank isə “Muğan Bank” (176 milyon 672 min manat) olub.
ƏHALİNİN RİSKİ
Məlum olduğu kimi fiziki şəxslərin banklara yerləşdirdiyi əmanətlərdən illik faiz dərəcəsinin 10 faizi vergi olaraq dövlət büdcəsinə köçürüləcək. Burada əhalinin əmanətləri kiçik də olsa risk altına düşür. Çünki, əhali banklara yerləşdirdikləri əmanətlərin Əmanətlərin Sığortalanması Fondu (qısaca – ADİF) təfərindən zəmanət altına alındığını bilirlər. Bu rəqəm milli valyutada 12 faiz, xarici valyutada isə 2,5 faiz olaraq müəyyən edililb. Banka 12 faizlə əmanət yerləşdirən əhali bankın “vergiləri biz ödəyirik” kampaniyasına tuş gəlsə və bundan xəbərdar olmasa o zaman onun illik faizi ADİF-in tətbiq etdiyi faizi keçir və bununla da əmanəti sığortalanmır. Çünki, 12 faizlik əmanət üçün 1,2 faiz vergi verilməlidir. Bu vergi bank tərəfindən ödənilərsə o zaman əmanətçinin illik faizi 13,2 faiz olur ki, bu da ADİF tərəfindən sığortasız əmanət kimi qəbul edilir. Təbii ki, bu yeni bağlanacaq əmanət müqavilələri üşün keçərlidir amma toplam illik faizini hesablamayan vətəndaş bankın lisenziyası əlindən alınacağı təqdirdə bankdakı bütün vəsaitini itirəcək.
Məcburi ehtiyat normasının, əmanətlərin vergi faizi və uçot dərəcəsinin artırılması birmənalı olaraq bankların kredit faizlərinin artımına səbəb olacaq. Bununla dabanklardan kredit götürmək istəyən vətəndaş artıq iki dəfə düşünəcək. AMB-nin siyasətinə görə isə bütün bunlar inflyasiyanın qarşısı alacaq.
Dövlət qurumları tərəfindən qəbul və ya tətbiq olunan proqramlarda əhali üçün risk payı həmişə var. Bu riskin minimuma endirilməsi üçün daha da artıq çalışmalı və ya bəzi qurumlar kimi əhalini düşünməyərək birbaşa proqramı tətbiq etməyə başlanılır.
Bəzi ekspertlər bankların lisenziyasının ləğvi ilə bağlı atılaan addımları alqışlayırlar. Onların fikrincə 10 milyon əhalisi olan dövlətdə bnankların sayı da az olmalıdır. Nəzərinizə çatdırmaq istəyirəm ki, İsveçrənin əhalisi Azərbaycandan 2 milyon azdır. 8 milyon əhalisi olan İsveçrədə əhalinin 20 faizi xarici ölkə vətəndaşlarıdır. Yəni, ölkənin yerli rəqəmi 6 milyona bərabərdir. Bununla da sözügedən ölkədə 390 bank fəaliyyət göstərir. Bu bankların əllərindəki vəsait isə 2 trilyon dollardan çoxdur. Normal olaraq Azərbaycanı inkişaf etmiş ölkələr əvəzinə (İraq, Suriya, Əfqanıstan və s.) kimi ölkələrlə müqayisə edirik.
Mövzumuz neft, qaz qiyməti olduqda isə müqayisə üçün Gürcüstan və Türkiyəni örnək göstəririk.
Bizim üçün önəmli olan dövlət yığımları, büdcə kəsirinin aradan qaldırılması, dövlətin sağlamlaşdırılması və bəzi şəxslərin bundan pay götürərək daha da zənginləşdirilməsidir. Əhali səsini çıxarmadıqca və hər şeyə boyun əydikcə AMB kimi dövlət qurumları onları düşünmədən addım ata biləcək səviyyəyə çatacaq.