Visa Azərbaycan bazarında innovasiyaların inkişafına yönəlib.
Bu barədə "Visa"nın Azərbaycan üzrə regional meneceri Nurlan Hacıyev Trend-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, şirkət nağdsız ödənişlərin qəbulunun yeni üsullarının inkişafında böyük potensial və perspektivlər görür.
"Şübhəsiz, burada söhbət nəqliyyat, qadın sahibkarlığı sahələrində layihələrin dəstəklənməsindən, bütün ölkə ərazisində nağdsız ödənişlərin genişləndirilməsindən və təhlükəsizliyinin təmin edilməsindən gedir. Visa layihələri, həmçinin, biznesin idarə olunmasında və ödənişlərin tətbiqində şəffaflığın təmin edilməsinə, nağdsız ödənişlərin artımının sürətləndirilməsinə və şirkətimizin digər strateji məqsədlərinin əldə edilməsinə yönəlib", - o əlavə edib.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda nağdsız ödənişlərin həcmi 58,563 milyard manat olub ki, bu da 2021-ci ilin göstəricisindən 56,26 faiz və ya 21,133 milyard manat çoxdur. 2022-ci ildə debet kartları ilə 54,231 milyard manat (54,9 faiz artım) dəyərində 562,177 milyon əməliyyat, kredit kartları ilə isə 4,332 milyard manat (78,3 faiz artım) dəyərində 80,801 milyon əməliyyat həyata keçirilib.
1 yanvar 2023-cü il tarixinə dövriyyədə olan ödəniş kartlarının sayı 13,4 milyon ədəd olub. Debet kartları üzrə artım 18,7 faiz, kredit kartları üzrə artım isə 29,4 faiz təşkil edib.