USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda bank xidmətlərinin reklamı zamanı qanun pozuntuları aşkarlandı

03.04.2023 Bank
40 7
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycanda bank xidmətlərinin reklamında qanun pozuntuları aşkarlayıb.

Kommersant.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Məlumata görə, Dövlət Xidməti reklam fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə riayət edilməsi ilə bağlı mütəmadi maarifləndirmə işləri həyata keçirir. Bu tədbirlər çərçivəsində ötən ilin əvvəlindən yerli banklara reklam qanunvericiliyinin tələblərinə dair maarifləndirici məktub ünvanlanıb. Lakin son dövrlərdə aparılan monitorinqlər zamanı bank xidmətlərinin reklamlarının yayımlanmasında reklam qanunvericiliyinin tələblərinə əməl edilməməsi halları aşkar edilib. Qanun pozuntuları üzrə araşdırmalara başlanılıb.

“Reklam haqqında” qanunda maliyyə, bank, sığorta, investisiya xidmətləri, eləcə də qiymətli kağızların reklamı üçün xüsusi qaydalar təsbit edilib. Belə ki, lisenziyalaşdırılan fəaliyyət növləri üzrə lisenziyanın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı, eləcə də maliyyə, bank, sığorta, investisiya xidmətlərinin, qiymətli kağızların reklamında bu xidmətləri təklif edən şəxsin hüquqi adı, hüquqi ünvanı, fiziki şəxslərin adı, soyadı, atasının adı, ünvanı, əlaqə vasitələri, qiymətli kağızın emitenti qeyd olunmalıdır. Bundan əlavə, istehlak kreditinə dair reklamda kreditin hər hansı xərci ilə bağlı məlumat verildikdə, istehlakçı aşağıdakılar barədə də məlumatlandırılmalıdır:

- Kreditin ümumi xərcinə daxil olan istənilən xərclər, o cümlədən illik faiz dərəcəsi, faktiki illik faiz dərəcəsinin hesablanmasına qanunvericiliyə müvafiq qaydada daxil olan digər xərclər;

- Kreditin müddəti;

- Kredit müəyyən malın alınması və ya xidmətlərin göstərilməsi ilə əlaqədar verildikdə, həmin mal və ya xidmət, onun nağd qiyməti və ilkin ödənilən məbləğ;

- Kredit müqaviləsinin bağlanması üçün əlavə xidmət müqavilələrinin bağlanması məcburi olduqda və həmin xidmətin qiyməti əvvəlcədən müəyyən edilə bilinmədikdə, həmin müqaviləni bağlamaq öhdəliyi.

Bank xidmətləri ilə bağlı reklam qanunverciliyinin tələblərinin pozulması barədə araşdırma nəticələrinə uyğun olaraq, qanun pozuntularına yol vermiş banklar barəsində qanunamüvafiq tədbirlər görüləcəkdir.