Azərbaycanda fəaliyyət göstərən korporativ banklar arasında 2023-cü ilin 1-ci rübündə ən çox cəmi öhdəliklərə sahib olan bankların siyahısını hazırladıq. Milyard manatlıq öhdəliklər cəminə sahib olan banklar arasında üç bankın sözügedən öhdəliyi artsa da, bir bankda 3,16 faiz azalma müşahidə olunub.
Kommersant.az bankların balans hesabatına istinadən xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı”nın (qısaca – ABB) cəmi öhdəlikləri 322 milyon 348 min manat azalaraq 2023-cü ilin birinci rübünə 9 milyard 851 milyon 133 min manat olub. Buna baxmayaraq, dövlət bankı siyahıdakı liderlik mövqeyini əldən verməyib.
Ən çox artım isə “Paşanın Bankında” olub. Belə ki, “Paşa Bank” 2022-ci ilin eyni rübü ilə müqayisədə cəmi öhdəliklərini 1 milyard 418 milyon 458 min manat və ya 21,64 faiz artıraraq 7 milyard 972 milyon 686 min manata bərabərləşdirib. Elə bu öhdəliklər cəmi ilə “Paşanın Bankı” siyahıda ikinci yerdə qərarlaşıb.
Ən az artım isə 283 milyon 164 min manatla “Xalq Bank”a məxsusdur. Bu artımdan sonra bankın cəmi öhdəliyi 2 milyard 221 milyon 251 min manat olub ki, buna görə də “Xalqın Bankı” eyni zamanda ən az cəmi öhdəliyə sahib olan böyük korporativ bankdır.