“Ziraat Bank Azərbaycan” 2023-cü ilin ilk rübünə xalis mənfəətini 4 milyon 225 min manat və ya 55.9 faiz azaldaraq start verib. Türkiyənin dövlət bankının xalis mənfəəti cari ilin ilk rübünə 3 milyon 334 min manata düşüb.
Kommersant.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, “Ziraat Bank”ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 88 milyon 509 min manat və ya 16.7 faiz artaraq 617 milyon 408 min manata yüksəlib. Bu artımda kredit portfelinin payı 10 faiz təşkil edib. Belə ki, bankın istehlak kreditləri 153 min manat artaraq 2 milyon 608 min manata, biznes kreditləri 6 milyon 969 min manat artaraq 315 milyon 929 min manata, ipoteka kreditləri isə 1 milyon 782 min manat artaraq 7 milyon 945 min manata çatıb. Buna görə də bankın kredit portfeli 8 milyon 904 min manat artaraq 326 milyon 483 min manat olub.
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 6 milyon 104 min manat azaldaraq 4 milyon 764 min manata endirdiyi üçün “Ziraat Bank”ın xalis kreditləri 15 milyon 7 min manat artaraq 321 milyon 718 min manata çatıb.
DEPOZİT PORTFELİ ÖHDƏLİKLƏRİNİ ARTIRIB
“Ziraat Bank”ın depozit portfeli 74 milyon 109 min manat artaraq 391 milyon 915 min manata yüksəlib. Bu artımda fiziki şəxslərin əmanətlərinin payı 13.1 faiz, hüquqi şəxslərin əmanətlərinin payı isə 86.9 faiz olub.
Bankın biznesmenlərdən topladığı depozitlər ötən ilin son rübü ilə müqayisədə 64 milyon 393 min manat və ya 33.1 faiz artaraq 258 milyon 519 min manata çatıb. Fiziki şəxslərin bankdakı əmanətləri isə 9 milyon 715 min manat və ya 7.8 faiz artaraq 133 milyon 394 min manata bərabərləşib. Nəticədə bankın cəmi öhdəlikləri 506 milyon 755 min manat olub ki, bu da ötən ilin 4-cü rübü ilə müqayisədə 84 milyon 297 min manat və ya 19.9 faiz çoxdur.
CƏMİ KAPİTALI ARTIB
Səhmdar kapitalını dəyişdirməyən “Ziraat Bank”ın bölüşdürülməmiş mənfəəti 3 milyon 335 min manat artaraq 38 milyon 41 min manat olub. Bankın ümumi ehtiyatları isə 877 min manat artaraq 7 milyon 111 min manata yüksəlib. Buna görə də Türkiyə bankının cəmi kapitalı 4 milyon 213 min manat və ya 3.9 faiz artaraq 110 milyon 653 min manata bərabərləşib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ VƏ GƏLİRLİYİ AZALIB
“Ziraat Bank”ın faiz gəliri 21 milyon 302 min manat azalaraq 10 milyon 194 min manata, faiz xərcləri isə 4 milyon 582 min manat azalaraq 2 milyon 518 min manata enib. Buna görə də bank 6 milyon 957 min manat xalis faiz gəliri əldə edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 15 milyon 582 min manat azdır.
Qeyri-faiz gəlirini 9 milyon 844 min manat azaldaraq 3 milyon 335 min manata, qeyri-faiz xərclərini isə 12 milyon 229 min manat azaldaraq 4 milyon 554 min manata salıb. Buna görə də bankın əməliyyat mənfəəti 13 milyon 198 min manat və ya 69.7 faiz azalaraq 5 milyon 738 min manata düşüb.