"Deyə bilmərəm ki, bankların hesabatının hansı yalnış, hansı doğrudur. Bunu araşdırmağa ehtiyac var”.
Kommersant.az-a bunu Milli Məclisin deputatı Vahid Əhmədov bankların hesabatının Mərkəzi Bank tərəfindən təsdiq olunduqdan sonra ictimaiyyətə açıqlanması haqqında danışarkən deyib.
Vahid Əhmədov bildirib ki, ümumiyyətlə bu məsələnin araşdırılmasına ehtiyac var:
“Mən bu bankın bağlanması haqqında məlumatı bu gün mətbuatdan oxudum. Araşdırmaq lazımdır ki, bəlkə bankın bağlanmasında digər səbəblər var. Bəlkə başqa səbəblər də var, biz onları bilmirik”.
Deputat qeyd edib ki, ümumiyyətlə bankların bağlanmasnı müsbət addım kimi qəbul etmir:
“Çünki banklar bağlananda çox ciddi problemlər yaranır. Məsələn, insanların depoziti, bəzi əmanətlər var ki, sığortalanır, bəziləri sığortalanmır. Sığortalanmayan əmanətlərin sonrakı taleyi necə olacaq və s. sualları yaranır. Daha sonra bağlanan banklarda əmanətləri olan şəxslər Əmanətlərin Sığortalanma Fondundan pullarını ala bilmir. Yəni əmanət sığortalananda məsələ aydındır, sığortalanmayanda isə heç kim məsuliyyət daşımır. Axı bu əhalinin puludur. Onlar pulu banka əmanət edir ki, saxlasın, lazım olanda istifadə etsin".
Vahid Əhmədov vurğulayıb ki, bankların bağlanması müəyyən və müvəqqəti inhisar yaradır:
“İri banklar fəaliyyət göstərir, xırda banklar fəaliyyətini dayandırır. Ona görə bu məsələləri də araşdırmağa ehtiyac var”.
Qeyd edək ki, bu gün “Günay Bank”ın lisenziyası Mərkəzi Bankın qərarı ilə 17 may 2023-cü il tarixindən etibarən ləğv edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.