USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya Bankı Naxçıvanda nağdsız ödənişləri dəstəkləyən yeni layihəyə başlayıb

13.07.2018 Bank
2 0
Dünya Bankı Qrupu Naxçıvan Muxtar Respublikasında elektron ödənişlərin istifadəsini daha da genişləndirməyə və ölkədə ilk nağdsız zonası yaratmağa kömək edəcək.

Dünya Bankından "Kommersant"a verilən məlumata görə, bununla bağlı Beynəlxalq Maliyyə Korporasiyası və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyiarasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən görüləcək işlər kənd yerlərində əhalinin maliyyə xidmətlərinə çıxış imkanlarını daha da əlçatan etmək məqsədi daşıyır.

Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən icra olunan “Elektron və Rəqəmsal Maliyyə Xidmətləri” Layihəsi Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə nağdsız ödənişlər üzrə müvafiq tənzimləyici normaları işləyəcək. Layihə, Naxçıvanda mobil ödənişlər üçün şərait yaratmaq məqsədilə məlumat emalı mərkəzlərini və mobil operatorları cəlb edərək nağdsız ödənişlər sahəsində Azərbaycanı regionun lider ölkəsinə çevirmək məqsədini daşıyır. Layihə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilir.

"Həyata keçiriləcək layihə ilə yaradılacaq yeni nağdsız ödəniş infrastrukturu vətəndaşlara mobil telefonlardan istifadə edərək maliyyə əməliyyatları, o cümlədən faktura ödənişlərini və pul köçürmələrini həyata keçirməyə imkan verəcək. Belə imkanların mövcud olması qloballaşan dünya ilə ayaqlaşmaq üçün xüsusilə önəmlidir, çünki hazırda ölkədə, Dünya Bankının məlumatına əsasən, yetkinlik yaşına çatmış əhalinin yalnız 29%-inin maliyyə müəssisində hesabı vardır; bu göstərici regionda orta hesabla 50% təşkil edir", - deyə məlumatda qeyd olunub.

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Səbuhi Məmmədov qeyd edib ki, nağdsız ödənişlər sahəsi muxtar respublika rəhbərinin daim diqqətində olan sahələr sırasında olub, illər ərzində həyata keçirilən layihələrlə burada münbit bir mühit formalaşdırılıb: "Təsadüfi deyil ki, ölkədə elektron ödənişlər üzrə yeni və təkmil mərhələ məhz Naxçıvan Muxtar Respublikasından başlanılır. Biz də bu təşəbbüs çərçivəsində IFC ilə əməkdaşlıq edirik. Hazırkı Layihə, ölkədə nağdsız və rəqəmsal ödənişləri gücləndirmək üzrə geniş səylərin bir hissəsi olaraq, nəinki maliyyə sektorunun inkişafını dəstəkləyəcək, həmçinin əhalinin rahatlığının və elektron ödəniş sistemlərinə çıxışının təmin olunmasına öz tövhəsini verəcək”.

IFC-nin Avropa və Mərkəzi Asiya üzrə Baş Meneceri Yesper Kyaer də öz növbəsində qeyd edib ki, əsas məqsəd maliyyə xidmətlərini Azərbaycanın hər bir bölgəsində yaşayan insanlar üçün əlçatan etməkdir: "Birgə səylərimiz Naxçıvan sakinlərinə ödənişləri daha rahat həyata keçirməyə imkan yaradacaq və nəticədə maliyyə xidmətlərinə çıxışı asanlaşdıracaqdır. Həyata keçiriləcək layihəyə yerli hökumətin dəstəyi bu sahədə işlərin keyfiyyətlə və vaxtında icra olunacağına böyük ümidlər yaradır”.