USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank bu nəzarəti qanunsuz həyata keçirib - Əkrəm Həsənov

06.06.2023 Bank
36 6
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə Mərkəzi Bankın iqtisadi müstəqilliyinin artırılması ilə bağlı müddəalar öz əksini tapıb.

Bəs bu qanuna təklif olunan dəyişiklik Mərkəzi Banka əlavə hansı səlahiyyətləri verəcək?

Kommersant.az məsələni bank məsələri üzrə ekspert Əkrəm Həsənov ilə müzakirə edib.

Əkrəm Həsənov bildirib ki, Mərkəzi Banka, bu səlahiyyətlər xeyli əvvəl verilib. Yəni, Mərkəzi Bank bu səlahiyyətləri faktiki qanunsuz olsa da, indiyədək həyata keçirirdi:

"Yəni Mərkəzi Bank banklara, sığortaçılara, qiymətli kağızlar bazarının iştirakçılarına nəzarət edir. Bunu onsuz da edirdi. Sadəcə, indi onu qanuna daxil etdilər”.

İqtisadçı qeyd edir ki, bu qanun 3,5 il bundan əvvəl qəbul olunmalı idi:

“2019-cu ilin sonunda Prezidentin sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildi. O palata banklara, sığortaçılara və qiymətli kağızlar bazarının iştirakçılarına nəzarət edirdi. Amma o zaman Mərkəzi Bankın səlahiyyəti ancaq pul siyasəti idi. Prezident palatanı ləğv edərək səlahiyyətin hamısını Mərkəzi Banka verdi.

2019-cu ilin noyabrında imzalanan həmin sərəncamda prezident Mərkəzi Banka tapşırdı ki, bir ay ərzində bütün aidiyyəti qanunlara dəyişikliklər layihəsini hazırlayıb prezidentə təqdim etsin. Çünki Mərkəzi Bankın səlahiyyətləri ancaq qanunla həyata keçirilə bilər. Amma bu layihə indi qəbul olunur. Bu, bir daha onu təsdiq etdi ki, üç ildən çox olan müddət ərzində Mərkəzi Bank bank, sığorta, qiymətli kağızlar bazarına nəzarəti qanunsuz həyata keçirib”.

Əkrəm Həsənov bildirib ki, Maliyyə Palatasında olmayan əlavə səlahiyyətlər də Mərkəzi Banka verilib:

"Məsələn, yazılıb ki, maliyyə bazarlarında istehlakçıların hüquqlarının müdafiəsi Mərkəzi Banka tapşırılsın. Hesab edirəm ki, bu düzgün deyil. Yəni istehlakçıların hüquqları ilə Azərbaycanda İqtisadiyyat Nazirliyi məşğul olmalıdır. Mərkəzi Bank özü bir bankdır. Biz necə inanaq ki, hansı bir vətəndaş gedib Mərkəzi Banka şikayət edən zaman, onlar bankları deyil, vətəndaşları müdafiə edəcək. Mərkəzi Bank özü bu sistemin iştirakçısıdır. Yəni buna görə bu səlahiyyət də düzgün deyil”.