USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xarici banklar Azərbaycana niyə gəlmir? - ŞƏRH

08.06.2023 Bank
41 12
“Ölkəyə xarici bankların gəlməsinə üçün qanunvericilik bazası imkan verməlidir. Eyni zamanda, qanunvericiliklə bağlı hər şey həll olunduqdan sonra xarici bankların həmin ölkədə fəaliyyət göstərməsi üçün orada buna tələbat olmalıdır. Yəni bank xidmətlərinə tələbat olmasa, xarici banklar da həmin ölkədə fəaliyyət göstərməkdə maraqlı olmazlar. Çünki bütün hallarda müəyyən nizamnamə kapitalı, vəsait xərclənirsə, infrastrukturun yaradılması, saxlanılması üçün və birbaşa xidmətlərə yönəlik ciddi vəsaitlər cəlb olunur”.

Bu sözləri Kommersant.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

O bildirib ki, xarici banklara fəaliyyət göstərdikləri ölkədə tələbat olmasa, bir müddət sonra avtomatik bağlanacaqlar:

“Bu fəaliyyət də zərərlə yekunlaşacaq. Buna görə də iki faktor var: birincisi, qanunvericilik bazası, ikincisi isə ölkədə bu bankın fəaliyyətinə tələbat. Yəni ölkədə elə bir imkan olmalıdır ki, bank xidmətlərinə ehtiyac olsun. Tələbatı mövcud bankların xidməti tam qarşılaya bilmir və digər banklar bu boşluğu doldurur. Yaxud da elə bir rəqabət şəraiti olur ki, xarici bank ölkə bazarına girərək, bu mübarizə apara bilir. Bu hallar olmadıqda xarici banklar heç bir ölkənin bazarına daxil olmaq istəməzlər.

Məsələn: iqtisadiyyatın kredit tələbi 30 milyard dollardır, lakin ölkənin bankları bunun yalnız 25 milyard dollar məbləğini ödəmək qabiliyyətinə qadirdir. Bu da o deməkdir ki, 5 milyard dollarlıq əlavə tələb var və bu tələbin də qarşılanması üçün xarici banklar ölkə bazarına girə bilərlər. Amma ölkədə olan bankların əlində kifayət qədər vəsait olduğu halda vəsaiti sata bilmirlərsə, xidmət göstərməyə hazır olduqları halda onu reallaşdıra bilmirlərsə, bu zaman xarici bankların bazara daxil olması, rəqabət şəraitində mübarizə aparması, ələlxüsus da rəqabət mühitinin o qədər də yaxşı olmadığı ölkələrdə mümkün deyil. Çünki xarici banklar özü bu məsələdə maraqsızdırlar”.