Bu gün Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) ali idarəetmə orqanı olan Ümumi Yığıncağın iclası keçirilib.
"Kommersant" ASA-nın yaydığı məlumata istinadən xəbər verir ki, iclasda Birliyin sədri Mustafa Abbasbəyli, sədr müavini Vüqar Əliyev və Birliyin digər əməkdaşları, Birliyin təsisçiləri olan sığorta və təkrarsığorta şirkətlərinin rəhbər şəxsləri, Birliyin üzvü olan hüquqi şəxs sığorta vasitəçilərinin rəhbər şəxsləri iştirak edib. İclasda qonaq qismində Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Audatex Azərbaycan şirkətinin nümayəndələri iştirak edib.
Görüş zamanı Birliyin sədri 2-ci rüb üzrə görülən işlər barədə geniş təqdimatla çıxış edib, görülən işləri və əldə edilən nəticələrin hesabatını verib. M.Abbasbəyli təqdimat zamanı Birliklə Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) arasındakı əməkdaşlıq və bu əməkdaşlığın nəticəsi olaraq ADİU-da "Sığorta məktəbi"nin yaradılması barədə qərardan bəhs edib. Sığorta sektoru üçün yüksək ixtisaslı kadrlar yetişdirməsi baxımından qərarın Azərbaycan sığorta bazarı üçün mühüm əhəmiyyətini vurğulayıb.
Görüşdə Birlik tərəfindən göndərilən müraciətlər əsasında bir sıra xarici təkrarsığortaçı şirkətin MBNP-nin "Xarici təkrarsığortaçıların reyestri"nə daxil edilməsinə nail olunduğunu qeyd edilib.
Mustafa Abbasbəyli "Sığorta fəaliyyəti haqqında" qanuna "Müvəqqəti inzibatçılıq"la bağlı əlavə layihəsi barədə Birlik tərəfindən MBNP-yə təkliflərin göndərildiyini bildirib. Eləcə də sığorta mübahisələrinin məhkəmədənkənar həllinə dair pilot layihə kimi başladılan Mediasiya sisteminin tətbiqi ilə əlaqədar işlərin davam etdirilməsindən danışıb. Bununla yanaşı, sığorta vasitəçilərinə təqdim edilən komission haqlara nəzarət məqsədilə İcbari Sığorta Bürosu ilə əməkdaşlıq çərçivəsində sığorta şirkətlərindən ibarət formalaşdırılan Monitorinq qrupuna diqqəti çəkib. Ümumi Yığıncaq tərəfindən Monitorinq qrupunun fəaliyyətinə dəstək nümayiş etdirilib və bu sahədə fəaliyyətin davam etdirilməsi zəruriliyi qeyd edilib.
Daha sonra M.Abbasbəyli Birlik tərəfindən hazırlanan PR Strategiyanın təqdimatını edib. Bildirib ki, belə bir strategiya layihəsinin hazırlanmasında məqsəd sığorta şirkətləri, ümumilikdə, sığorta sektorunun təbliğatı və ASA-nın bu istiqamətdə bir platforma rolunda çıxış etməsidir. Bu istiqamətdə fəaliyyətə sentyabr ayından etibarən başlanması planlaşdırılır.
Görüşdə həmçinin sığorta bazarının inkişaf perspektivləri müzakirə edilib, sığorta şirkətlərinin nümayəndələri arasında bununla bağlı məhsuldar müzakirələr baş tutub və müxtəlif məsələlərə dair təkliflər irəli sürülüb.