USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İnsanlar pullarını evdə saxlayır - Banklara inam niyə itib?

14.06.2023 Bank
1 0
“Azərbaycanda pulu olan şəxslər vəsaitlərini ya evdə saxlayır, ya da həmin vəsaitlə müəyyən işlə məşğul olur”.

Kommersant.az xəbər verir ki, bu sözləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Mayklın “Azərbaycanda əmanətlərin yalnız 10 faizi banklarda saxlanılır” fikirlərinə münasibət bildirərkən deyib.

İqtisadçı qeyd edib ki, dünyanın bir çox ölkəsində əhalinin əlində olan ehtiyat vəsaitlərinin çox az bir hissəsi banklarda saxlanılır:
“Amerika və Avropa ölkələri əhalisinin ehtiyat vəsaitlərinin harada olduğunu axtarsaq, görərik ki, onların pullarının heç beş faizi də əmanət şəklində banklarda saxlanılmır. Azərbaycanda isə rəqəmlər müəyyən təsirlər altında bu qədər şişir, əslində banklarda vəsaitin saxlanması o qədər də səmərəli yol deyil. Pulu olan insan vəsitlərini evdə saxlamağı, ya da bir fəaliyyətə yatırmağı üstün tutur”.

Akif Nəsirli bildirib ki, bankların müştəriləri evdə pullarını saxlayan insanlar hesab oluna bilər:
“Çünki ehtiyyat vəsaiti ilə heç bir iş görməyən şəxslər ya bankı seçməlidir, ya da pulu evində saxlamalıdır. Banklarda isə onlara illik maksimum 10 faiz əlavə verirlər, bu da o qədər yüksək deyil. Ona görə də vətəndaşlar buna gəlir kimi cəlbedici baxmırlar”.

İqtisadçı əlavə edib ki, Azərbaycanda bir-birinin ardınca banklar bağlanması da insanlarda inamı itirir.

“Həmin banklarda olan vəsaitlərin vətəndaşlara qaytarılmasında ciddi problem yaranır. Məsələn, elə şəxs var ki, əmanətlərin Sığortalanması fondunun meyarlarına uyğun vəaitini qoymaq istəmir. Daha çox gəlir əldə etmək istəyir. Bu zamanı həmin bank bağlananda vəsaitin geri qaytarılmasında problemlər yaşanır”.

Ekspert qeyd edib ki, bu bağlanan banklarla bağlı yaşanana problemlər, 2015-ci il də baş verən devalvasiya əhalinin bank sisteminə olan etibarıını sarsıdıb:
“Biz bank sisteminə etibarın yenidən qazanılması üçün müəyyən addım atmalıyıq, lakin əksinə iş görürük. 5-6 aydan bir bankı bağlayıb əhalini çətin vəziyyətdə qoyuruq”.