“Rabitəbank”ın cəmi aktivləri 2022 ci ilin sonu ilə müqayisədə 70 milyon 477 min manat və ya 7.37 faiz artaraq 1 milyard 25 milyon 467 min manat olub.
Kommersant.az “Rabitəbank”ın maliyyə hesabatına istinadən xəbər verir ki, bu artımda əsas pay bankın kredit portfelinin üstünə düşüb. Belə ki, bankın müştərilərinə verdiyi kreditlər 70 milyon 894 min manat və ya 11.6 faiz artaraq 681 milyon 771 min manata yüksəlib.
“Rabitəbank”ın istehlak kreditləri 24 milyon 424 min manat artaraq 230 milyon 29 min manata, biznes kreditləri 28 milyon 220 min manat artaraq 333 milyon 624 min manata, daşınmaz əmlak krediti isə 18 milyon 250 min manat artaraq 118 milyon 118 min manata bərabər olub. Bank mümkün zərərlər üçün yaradılan ehtiyatını 3 milyon 350 min manat azaldaraq 20 milyon 500 min manata salıb. Buna görə də “Rabitəbank”ın xalis kreditləri 661 milyon 271 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 74 milyon 244 min manat və ya 12.64 faiz çoxdur.