İsveçrədə yerləşən Pictet bankı amerikalı vergi ödəyicilərinə offşor hesablardakı aktiv və gəlirlərini gizlətməyə kömək etdiyi üçün təxminən 123 milyon dollar cərimə ödəyəcək.
ABŞ Ədliyyə Nazirliyinin açıqlamasında İsveçrənin Pictet bankının ofşor hesablardakı aktiv və gəlirlərini gizlətmək üçün amerikalı vergi ödəyiciləri ilə əməkdaşlıq etdiyini etiraf etdiyi qeyd edilib.
Açıqlamada bankın İsveçrə və başqa yerlərdəki 1637 gizli bank hesabında 5,6 milyard dollardan çox aktivləri gizlətmək və bu hesablardan əldə edilən gəlirləri ABŞ Daxili Gəlir Xidmətindən (IRS) gizlətmək üçün Amerika vergi ödəyiciləri ilə əməkdaşlıq etdiyi bildirilib.
Açıqlamada, İsveçrədə və başqa yerlərdə bankda hesabı olan amerikalı vergi ödəyicilərinin 2008-2014-cü illər arasında təxminən 50,6 milyon dollar vergidən yayındığı və bankın ABŞ Xəzinədarlığına təxminən 123 milyon dollar ödəməyi qəbul etdiyi ifadə edilib.
Açıqlamada o da qeyd olunub ki, bank gələcəkdə vergidən yayınma üçün öz xidmətlərindən istifadədən qorunmaq üçün müqavilə çərçivəsində tədbirlər həyata keçirəcək və istintaqda səlahiyyətli orqanlarla əməkdaşlıq edəcək.