USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kredit təşkilatlarının adından saxta məlumatların yayılması halları artıb - AÇIQLAMA

14.08.2024 Bank
0 0
“TikTok”da insanların pulunu mənimsəyən şəxs saxlanılıb. 2000-ci il təvəllüdlü Sənan Abbasov tiktok sosial şəbəkəsində bank olmayan kredit təşkilatlarının adlarına oxşar səhifələr açaraq insanları aldatmaqda şübhəli bilinib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin məlumatında bildirilir ki, S.Abbasov səhifələrə müraciət edən vətəndaşların şəxsi məlumatlarını ələ keçirərək zərərçəkənlərin adlarına 100-600 manat aralığında mikrokreditlər rəsmiləşdirib, daha sonra isə həmin pul vəsaitlərini xarici ölkələrdən birində yaşayan yaxın qohumunun kart hesablarına köçürüb. Kiberdələduz bu yolla 200 nəfəri aldadaraq 350 min manatdan artıq maddi vəsaiti mənimsəyib.

O, törətdiyi qanunsuz əməllərdən yayınmaq məqsədi ilə ölkəni tərk etmək istəyən zaman polis əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb olunub.

Təəssüf ki, bu cür saxta elanlar sosial şəbəkələrdə geniş yayılıb və insanlar qarşılarına çıxan məlumatları dəqiqləşdirmədikləri üçün kibercinayətlərin qurbanına çevrilirlər.

Bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, müxtəlif dövlət qurumlarının, bankların, kredit təşkilatlarının adından sosial şəbəkələrdə saxta məlumatların yayılması halları artıb:

“Yalan vədlər verilir, insanlar kredit götürməyə və ya nəyəsə yatırım etməyə təşviq edilir. Belə elanlarla qarşılaşanda həmin qurumun, təşkilatın öz rəsmi saytına girmək lazımdır. Heç bir əməliyyatı sosial şəbəkə üzərindən aparmaq olmaz, yalnız rəsmi sayta istinad edilməlidir. Hamı buna riayət etsə, kibercinayətkarlar heç kimi aldada bilməzlər. Sosial şəbəkələrdən istifadə etdikdə də diqqət etmək lazımdır. Bəzən mobil telefonlara da belə mesajlar gəlir. İnsanlar şirnikləndirici mesajlar, reklamlar görüb aldanırlar.

Tanış olmayan, şübhəli linklərə daxil olmaq olmaz. Bu barədə dəfələrlə aidiyyəti qurumlar tərəfindən əhaliyə xəbərdarlıq edilir. Lakin insanların çoxu asan yola üz tuturlar, məlumatı dəqiqləşdirmək, mənbəyini axtarıb tapmaq istəmirlər. Ona görə də kibercinayətlər davam edir”.