Azərbaycanda bankların xalis xarici aktivlərinin (XXA) həcmi son 5 ayın maksimum səviyyəsinə yüksəlib.
Kommersant.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, xalis xarici aktivlərin həcmi 25 milyard 492.47 milyon manat ekvivalentində olub. Bu sentyabrda 0.5 faiz artım deməkdir.
Bankların xalis xarici aktivləri bankların xarici aktivləri ilə xarici öhdəlikləri arasındakı fərqi ifadə edir. Başqa sözlə, bankların xarici ölkələrdəki aktivlərinin (məsələn, valyuta ehtiyatları, xarici ölkələrdəki depozitlər, xarici valyutada alınan borclar) dəyəri, onların xarici ölkələrə olan borclarından çoxdursa, o zaman müsbət xalis xarici aktivlərə malikdirlər. Əksinə, xarici borclar xarici aktivləri üstələyirsə, xalis xarici aktivlər mənfi olacaqdır.
Sonuncu dəfə bankların xalis xarici aktivlərinin həcmi 2024-cü ilin aprelində bu səviyyədə olmuşdu. Belə ki, həmin dövrdə 26 milyard 281.27 milyon manat ekv. xarici aktivlər olmuşdu.
Qeyd edək ki, bankların müsbət xalis xarici aktivlərə malik olması ölkədə daha çox xarici valyuta olduğunu göstərir. Bu isə milli valyutanın dəyərini stabil saxlamağa və ya artırmağa kömək edə bilər.
Müsbət XXA bankların xarici borclardan çox xarici aktivlərinin olduğunu göstərir, bu da ölkənin maliyyə sağlamlığının güclü olduğunu göstərir. Əks halda, yəni XXA mənfi olduqda, bu bankların xarici maliyyə öhdəliklərinin xarici aktivlərdən çox olduğunu bildirir və maliyyə sabitliyinə risk yarada bilər.
Bu həmçinin dolayı ilə milli vaıyutaya da təsirlidir.
Bankların xalis daxili aktivlərinin həcmi isə sentyabr ayında 20 milyard 93.99 milyon manata yüksəlib.