"Kreditin faiz dərəcəsi adətən risklərlə bağlıdır. Risk harada çoxdursa həmin ərazidə kreditin faiz dərəcələri yüksək olur".
Bunu açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.
Ekspert Bakı şəhərində əhalinin gəlirlərinin daha çox olduğunu xatırladıb:
"Bakı şəhərində risk ehtimalı daha azdır. Ona görə də Bakıda kredit faiz dərəcələri nisbətən aşağı olur. Hansı bölgədə ki, əhalinin gəlirləri azdır, riskləri nəzərə alaraq kreditləri bir qədər baha təklif edirlər. Orada da bütün banklar krediti baha təklif etmir. Müəyyən banklar var ki, onlar krediti baha təklif edirlər. Bu da orta hesabla bu cür fərqlərə səbəb olur".
Milli valyuta ilə xarici valyutada olan vəsaitlərlə verilən kreditlərə gəlincə, ekspert burada fərqlərin az olduğunu vurğulayıb:
"Bizdə əsasən əmanətlər dollarladır. Dollarla əmanət 2-3%-lik dərəcə ilə qəbul edilir. Dollarla qəbul edilən əmanətlər hesabına kredit vermək daha sərfəlidir. Bununla daha ucuz kredit vermək olar. Təəssüf xarici valyuta ilə qəbul ediən vəsaitləri də yerli valyutaya yaxın fərqlə təklif edilir. Fərqlər əhalinin gəlirlərindən dolayı risklərlə bağlıdır".
Qeyd edək ki, 2024-cü il oktyabr ayının 1-nə banklar tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 26 mlrd. 705 mln. 792 min manat təşkil edib və bunun da 76.8%-i və ya 20 mlrd. 508 mln. 705 min manatı Bakı şəhərinin payına düşüb. Məlumatda qeyd olunub ki, bu dövrdə banklar tərəfindən verilən ən ucuz kreditlər Bakı şəhəridə, ən bahalı kreditlər isə Dağlıq Şirvan iqtisadi rayonu üzrə verilib.