USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank: Vaxtı keçmiş kreditlərin həcmində yaranan fərq hesablama ilə bağlıdır

29.10.2024 Bank
0 0
Azərbaycan Mərkəzi Bankı bu ilin yanvar-sentyabr ayları üzrə vaxtı keçmiş kreditlərin bankların hesabatları ilə açıqladığı rəqəmlər arasında yaranan fərqin səbəbini açıqlayıb.

AMB-dən bildirilib ki, bu, yanaşma fərqindən irəli gəlir. Belə ki, Mərkəzi Bankın statistik bülletenində Beynəxalq Valyuta Fondu tərəfindən istifadə olunan yanaşma əsas götürülür və açıqlanan rəqəmlər kreditin əsas borcu üzrə 30 gündən çox gecikən hissəsini əhatə edir. Lakin, banklar tərəfindən isə bank nəzarəti üzrə beynəlxalq təcrübədə istifadə olunan prudensial yanaşmaya əsasən açıqlanan vaxtı keçmiş kreditlərin (30+ gün) məbləğində kreditin əsas borc üzrə qalığı tam olaraq göstərilir.

Qeyd edilib ki, Mərkəzi Bank tərəfindən aylıq əsasda prudensial yanaşmaya uyğun olaraq qeyri-işlək kreditlərin (90 gündən çox gecikən) həcmi də rəsmi internet saytında açıqlanır. Bu göstərici 30.09.2024-cü il tarixinə 707.3 mln. manat təşkil edib.

Xatırladaq ki, bankların bu ilin III rübü üzrə açıqladığı rəqəmlərə əsasən vaxtı keçmiş kreditlərin həcmi 21 bank üzrə 962 mln. manat təşkil edib. AMB-nin açıqladığı statistik bülletendə isə bu rəqəmin 480 milyon manat təşkil etdiyi bildirilib.