USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fiziki şəxslərin əmanətlərinin dollarlaşma əmsalı 2%-azalıb

03.12.2024 Bank
0 0
Oktyabrın sonuna bankların aktivləri 49,7 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz çoxdur.

Bu barədə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev Bakıda keçirilən Beynəlxalq Bankçılıq Forumunda deyib.

O qeyd edib ki, kredit portfelindəki artım isə bu tempi 3 dəfəyə yaxın artaraq 20,6 faiz təşkil edib və ümumilikdə portfelin həcmi 27,1 milyard manat səviyyəsinə yüksəlib.

“O cümlədən, biznes kreditləri 19,4 faizlik artımla 14,6 milyard manat həcminə çatıb. Dövlət fondları nəzərə alınmadan, yalnız bankların vəsaiti hesabına real sektora verilmiş kreditlərinin həcmindəki artım isə ümumi kredit portfelindəki atımı da üstələyərək 21 faiz olub. Depozit portfeli isə təqribən 4 faizlik artım ilə 34,4 milyard manat səviyyəsinə çatıb. Buna müqabil, fiziki şəxslərin müddətli depozitlərinin həcmi 26 faiz artaraq 8,3 milyard manat təşkil edib. Fiziki şəxslərin əmanətlərinin dollarlaşma əmsalı isə 34 faiz təşkil etməkdədir və ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz bəndi azalıb. Digər bir keyfiyyət göstəricisi isə ödəniş vaxtı keçən borclarla bağlıdır. Belə ki, cari ilin oktyabr ayının sonuna vaxtı keçmiş kreditlərin cəmi portfeldəki payı isə cəmi 1,7 faiz təşkil etməkdədir. Bank sektorunun cəmi balans kapitalının həcmi isə 9 faiz artaraq 6,4 milyard manat səviyyəsinə yüksəlib. Sektorun cari ilin 10 ayı ərzində əldə etdiyi faiz gəliri 3,2 milyard manat, mənfəətin həcmi isə 913,7 milyon manat təşkil edir”, – deyə ABA sədri əlavə edib.