USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silindi

08.01.2025 Bank
0 0
"Azərbaycan Hava Yolları" QSC-nin Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış "Embraer 190" tipli sərnişin təyyarəsində həyatını itirmiş vətəndaşların banklarda və bank olmayan kredit təşkilatlarındakı kredit öhdəlikləri tam məbləğdə müvafiq təşkilatların öz vəsaiti hesabına silinib.

Kommersant.az xəbər verir ki, bu barədə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) və "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliklərinin birgə yaydığı açıqlamada bildirilir.

"Qəza nəticəsində ekipaj üzvlərinin və sərnişinlərin həlak olması, bütün xalqımız kimi, bank icmasını da dərindən sarsıtmış və hədsiz kədərləndirib. Faciəvi hadisə ilə əlaqədar olaraq, Azərbaycan Mərkəzi Bankının tövsiyəsi, ABA və AMFA-nın təşəbbüsü ilə kredit borcları silinib. Bütün dövrlərin sınaqlarında xalqımızın və ölkə rəhbərliyinin yanında olmuş kredit təşkilatları adından, ABA və AMFA olaraq, qəza nəticəsində həyatını itirmiş şəxslərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, yaralılara isə şəfa diləyirik", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin (37-si Azərbaycan, 16-sı Rusiya, altısı Qazaxıstan və üçü Qırğızıstan vətəndaşı), beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.