"Yapı Kredi Bank Azərbaycan"ın sahibi olan İtaliyanın "UniCredit" bankının 2018-ci ilin ikinci rübündə xalis mənfəəti orta analitik proqnozları üstələyib.
"Kommersant.az" xəbər verir ki, "UniCredit" tərəfindən Çərşənbə axşamı günü verilən məlumata görə, bankın xalis mənfəəti, ilin ikinci rübündə 1 milyard avro təşkil edib və 930.6 milyon avroluq proqnozu üstələyib. "Bloomberg"in sorğusuna qatılmış ekspertlərin proqnozları 830.0 milyon avro ilə 1 milyard avro arasında dəyişirdi.
Bankın ikinci rübdə gəlirləri 4.95 milyard avro səviyyəsində olub və 4.92 milyard avroluq təxmini ödəyib.
Ehtimal olunan kredit itkiləri üçün ayrılan ehtiyatlar eyni dövrdə 504 milyon avro təşkil etməklə 709.4 milyon avroluq proqnozdan aşağı olub.
Bankın xalis faiz gəliri ilin ikinci rübündə 2.68 milyard dollar olub. Proqnozlar 2.64 milyard avro səviyyəsində reallaşacağı istiqamətində idi.
Qeyd edək ki, "UniCredit SpA" dolayı yolla "Yapı Kredi Bank Azərbaycan"ın səhmdarıdır. Belə ki, "Yapı Kredi Bank Azərbaycan", Türkiyənin "Yapı Kredi" bankının törəməsidir. "Yapı Kredi"nin ana səhmdarları "UniCredit" (İtalya) və "Koç Holding"dir (Türkiyə).