USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Mərkəzi Bank maliyyə bazarını inkişaf etdirməlidir" - EKSPERT

21.08.2018 Bank
0 0
Azərbaycan Respublikası Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamına müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanıb.

"Kommersant.az" xəbər verir ki, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri haqqında sənəddə deyilir ki, bu, iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahını daha da artıracaq, investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafına yardım edəcək. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri ehtiva etməklə, 3 dövrü əhatə edir: 2020-ci ilədək, 2025-ci ilədək və 2025-ci ildən sonrakı dövr.

Qeyd edək ki, Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin 2017-ci il üzrə nəzərdə tutulan hissəsinin monitorinq və qiymətləndirmə nəticələri iyulun ortalarında ictimaiyyətə açıqlanıb. Nəticələrə əsasən, xəritə üzrə ümumi icra səviyyəsi 92%-dir. Milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsinin 2017-ci il üzrə nəzərdə tutulan hissəsinin 86%-nin icrası tamamlanıb, 12%-i qismən icra edilib, 2%-i isə icra edilməyib.

"Strateji Yol Xəritəsininin monitorinq nəticələri ilə tanışlıq göstərir ki, maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində icranın ümumi vəziyyəti 2017-ci ilin yekunlarında həmin ilin 1-ci yarısı ilə müqayisədə daha yaxşı olub".

Bunu "Kommersant.az"a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. Onun sözlərinə görə, nəzərdə tutulan fəaliyyətlərin bütövlükdə 80%-i icra edilib, 14%-i qismən icra olunub, 6%-i isə icra olunmayıb:

"Bu o deməkdir ki, icra və qismən icra olunmuş fəaliyyətlərin payı 94%-dir. 2017-ci il üçün nəzərdə tutulan fəaliyyətlərin 6 %-i isə icra edilməyib. Bütövlükdə 5 istiqamət üzrə qiymətləndirmə aparılıb: dinamik və sağlam institutlardan ibarət maliyyə sisteminin formalaşdırılması, maliyyə bazarının inkişafı, infrastrukturun genişləndirilməsi, tənzimləmə və nəzarət mexanizminin təkmilləşdirilməsi və maliyyə bazarı iştirakçılarının bilik və bacarıqların artırılması. Ən aşağı nəticə maliyyə bazarlarının inkişafı ilə bağlıdır. Təəssüf ki, maliyyə bazarlarının inkişafı ilə bağlı əldə edilən nəticələr digərləri ilə müqayisədə geri qalır. Belə ki, bu istiqamət üzrə nəzərdə tutulan fəaliyyətlərin cəmi 67%-i icra edilib. Qismən icra edilmiş isə 19%-dir. İcrası başlamayan hissə14%-dir. Bu isə ondan xəbər verir ki, əslində Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, eləcə də, Maliyyə Nazirliyi tərəfindən daha çox həyata keçirilməli tədbirlər məhz maliyyə bazarının inkişafı ilə bağlı olmalıdır. Praktik olaraq Maliyyə bazarları, eləcə də qiymətli kağızlar bazarının inkişafı yekun nəticədə onu göstərir ki, adı çəkilən istiqamət prioritet olaraq qalmalıdır. Praktik olaraq Strateji Yol Xəritəsində əsas qurum məhz Maliyyə Bazarlarına Nəzarət Palatasıdır.

İki istiqamət üzrə 100%-lik yekun əldə edilib - infrastrukturun genişləndirilməsi və maliyyə bazarları iştirakçılarının bilik və bacarıqlarının artırılması. Həmin istiqamətlər üzrə icra planı qeyd etdiyimiz kimi 100%-dir. Tənzimləmə və nəzarət mexanizminin təkmilləşdirilməsi müşahidə olunub. Nəzərdə tutulan fəaliyyətin 95%-i tam icra olunub, 5%-i isə qismən icra olunub. Dinamik və sağlam institutlardan ibarət maliyyə sisteminin formalaşdırılmasında da icra olunmamış fəaliyyətlərin payı 6%-dir".

Ekspert bildirib ki, nəticələrə diqqət yetirsək, görərik ki, infrastrukturun genişləndirilməsi həyata keçirilsə də, bütövlükdə maliyyə sisteminin formalaşdırılması tam olaraq başa çatmayıb:

"Maliyyə bazarlarının inkişafı ilə bağlı fəaliyyətlərin genişləndirilməsinə ehtiyac var. Maliyyə bazarlarının inkişafı həm də Azərbaycanda kooperativ idarəetmənin inkişafından birbaşa olaraq asılıdır. Bu istiqamətdə həyata keçirilən fəaliyyətlərin Strateji Yol Xəritələrində nəzərdə tutulan digər fəaliyyətlərin icrasına birbaşa təsiri var. Bu, birmənalı şəkildə nəzərə alınmalıdır. Nəticələri ümumilikdə qiymətləndirsək, ümumi monitorinq və qiymətləndirmə nəticələri göstərir ki, 2017-ci il üçün pozitiv qiymət vermək mümkündür. Amma sözsüz ki, 2018-ci il üçün Maliyyə Bazarlarına Nəzarət Palatası üçün hədəf maliyyə bazarlarının inkişafı ilə yanaşı, bank sektorunun sağlamlaşdırılmasının davam etməsi, problemli kreditlərin azaldılması, depozit portfelinin, eləcə də kredit portfelinin artırılması istiqamətində fəaliyyətlərin sistemləşdirilməsi və gücləndirilməsindən ibarət olmalıdır".

İqtisadçı ekspert Rəşad Həsənov isə mövzu ilə bağlı redaksiyamıza açıqlamasında qeyd edib ki, qiymətləndirmələr müstəqil, eyni zamanda beynəlxalq ekspertlər tərəfindən həyata keçirilsə, daha effektiv və real nəticə əldə etmək mümkün olar:

"Mərkəzin fəaliyyəti dövründə dövlət qurumları ilə olan münasibətlərində müəyyən yaxınlıq yaranır. Bu isə qiymətləndirmələr zamanı obyektivliyi şübhə altına alır. Düşünürəm ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi prosesdə sadəcə sifarişçi kimi iştirak etsə, daha yaxşı olar.

Strateji Yol Xəritəsində sahibkarlıq subyektlərinə kənar təsirlərin azaldılması məsələsi də öz əksini tapıb. Üzən valyuta rejiminə keçidlə bağlı 2017-ci il üçün öhdəlik müəyyən edilmişdi. Onu həyata keçirə bilmədilər. Doğrudur, sonradan dəyişikliklər edilərək öhdəliyin müddəti artırıldı. Amma hər hansı öhdəliyin yerinə yetirilməsi istiqamətində səy ortaya qoyulmalıdır".