USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Rublun ucuzlaşması davam etsə Azərbaycan məhsulları..." - EKSPERT RƏYİ

09.08.2018 Bank
0 0
"Bir ay öncə 1 dollar almaq üçün 61 rubl ödəmək lazım idisə, hazırda hər dollar 66 rubl tələb edir."

"Kommersant.az" xəbər verir ki, bunu iqtisadçı alim Vüqar Bayramov rublun dollar qarşısında ucuzlaşmasına aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, rubl sadəcə ötən bir ay ərzində 8% dəyər itirib:

"Əvvəllər də qeyd etdiyim kimi, milli valyutamızın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olsa da neftin qiyməti və ticarət tərəfdaşlarımız içərsində Rusiya rublu manatın kursuna birbaşa təsir göstərir. Rusiya Azərbaycanın qeyri-neft ixracatında 34%-ə malik olmaqla ixrac etdiyimiz aqrar məhsulların 90%-ə yaxınını alır. İqtisadiyyatımızda aparıcı olan neft sektoru məşğulluğun 7%-ini formalaşdırdığından bizim üçün 1,5 milyard dollarlıq illik qeyri-neft ixracatı məşğulluğun, xüsusən də regionlarda iş yerlərinin saxlanması baxımından çox vacibdir."

Ekspert qeyd edir ki, rublun ucuzlaşması davam etsə Azərbaycan məhsulları Rusiya bazarında bahalaşacaq:

"Bu da bizim qeyri-neft ixracatımıza təsir göstərəcək. 2017-ci ildə təklif etdiyim kimi, qonşu ölkələrdə milli valyutaların ucuzlaşması fonunda Mərkəzi Bankın çevik məzənnə siyasətinə keçməsinə ehtiyac var. Mərkəzi Bankın fiks (sabit) məzənnə siyasətinə üstünlük verməsi xarici faktorların nəzərə alınmasına imkan vermir. Mərkəzi Bank interval məzənnəyə üstünlük verməli və sabit kurs deyil, optimal interval daxilində məzənnə stabilliyinə nail olmağa çalışmalıdır. Bu halda dollara tələbin artması və xarici faktorların valyuta bazarımıza təsirlərini minimumlaşdırmaq daha asan olar."