Xəbər verdiyimiz kimi, ötən həftədən etibarən banklarda dollar satışına limit qoyulub.
Həftənin ilk iş günü banklarda dollar satışında limit tətbiqi davam etməklə yanaşı, valyutanın satışını müvəqqəti dayandırmış banklar da olub.
"Rusiya, İran və Türkiyədə baş verən proseslər Azərbaycana psixoloji təsir göstərir".
Bunu "Kommersant.az"a açıqlamasında maliyyə eksperti Samir Əliyev deyib. Onun sözlərinə görə, ona görə də bu gün dollara tələbat artıb:
"Dolların məzənnəsi son günlər diqqət mərkəzindədir. Bunun da səbəbi qonşu ölkələrdə (Rusiya, Türkiyə) baş verən proseslərdir. Dünyada dolların indeksi getdikcə bahalaşır. Rusiya, İran və Türkiyə milli valyutalarının ucuzlaşmasının səbəbi sanksiyalar və sanksiyalarla bağlı olan xəbərlərdir. Azərbaycan neftinin indiki qiyməti 74-75 dollar civarında dəyişir. Hazırki qiymət 2015-ci illə müqayisədə Azərbaycan hökumətinə manatı istədiyi səviyyədə saxlamağa imkan verir. Amma burada başqa amillər də var. Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirmək istəyir, amma qonşu ölkələrin valyutalarının ucuzlaşması həmin sektorda problem yaradır. Həmin ölkələr Azərbaycanın ticarət tərəfdaşlarıdır. Bu baxımdan hökumət seçim qarşısındadır - manatı ucuzlaşdırsın, yoxsa hazırki səviyyədə saxlasın. İndiki səviyyədə saxlamaq sərf edir. Ona görə ki, devalvasiyanın vurduğu zərərləri az olsa da, aradan qaldıra bilir. Bank sektoru hələ də 2015-ci il devalvasiyasının nəticələrindən çıxa bilmir. Bu özünü qiymətlərdə də göstərir. Bu yaxınlarda nəqliyyatda qiymətin qalxmasını buna əyani misal göstərmək olar".
Ekspert bildirib ki, proses qısamüddətli davam edərsə, məsələ sakitləşəcək:
"Azərbaycan 2015-ci il devalvasiyasının nəticələrindən çıxmamış, Mərkəzi Bank, düşünürəm ki, yenidən manatı buraxmaqda maraqlı deyil. Hökumət də qiymət artımının davam etməsini istəməz. Amma digər tərəfdən qeyri-neft sektorunu inkişaf etdirmək qarşıda hədəf kimi durur. Manatı belə saxlamaq da sərf eləmir. Çünki idxal getdikcə artacaq. Qeyri-istehsal sıradan çıxa bilər. Bu baxımdan hökumət seçim qarşısındadır. Baxmayaraq ki Mərkəzi Bankın valyuta ehtiyatı azdır, ancaq hazırda bazarı təmin etmək imkanı var (2015-ci ildə 15 milyard idisə, indi 6 milyarda yaxındır). Banklarda baş verən proseslər daha çox psixoloji hadisədir. Müəyyən məhdudlaşdırıcı tədbirlərlə bunun qarşısını almağa çalışırlar. Belə davam edərsə milli valyutanın məzənnəsinə Mərkəzi Bank yəqin ki, müəyyən qədər əl gəzdirməli olacaq. Burada söhbət cüzi, təxminən 5-10% ucuzlaşdırmadan gedə bilər. Türkiyə və Rusiyadakı proseslər dərinləşməkdə davam edərsə, bu, Azərbaycana neqativ təsir göstərəcək. Manata olan təzyiqlər arta bilər".