USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neftin ucuzlaşması manata olan təzyiqi artıra bilərmi? - EKSPERT

17.08.2018 Bank
0 0
Bir neçə gündür ki, bahalaşma nümayiş etdirən "Azeri LT CIF" bu gün ucuzlaşıb.

Azərbaycan neftinin ucuzlaşması manata olan təzyiqləri artıra bilərmi?

"Azərbaycan manatının məzənnəsinin sabit saxlanması arzuedilən deyil".

Bunu "Kommersant.az"a açıqlamasında ekspert İlham Şaban bildirib. Onun sözlərinə görə, bu, özəl sektorun inkişafına mane olur:

"Hökumət elan edib ki, xüsusilə də qeyri-neft sektorunda ixracyönlü siyasət yürüdür. Həmin siyasətin içərisində də əsas yeri özəl sektor tutur. Özəl sektora manatın ucuzlaşması lazımdır. Cüzi ucuzlaşmadan heç kəs ziyan görməz. Sahibkarlar malları satıb dollara çevirib gətirib manata dəyişəndə bu, əlavə xərcləri qarşılayır".

Ekspert eyni zamanda bildirib ki, hökumətin manatın kursunun sabitliyinin saxlanmasını davam etdirməyə kifayət qədər gücü var:

"Dövlət Neft Fondunun aylıq satışlarına nəzər salsaq, görərik ki, satışlar aydan-aya artır. Lakin valyuta hərraclarındakı satışların həcminin artması o demək deyil ki, bu, manatın kursunun stabil vəziyyətdə saxlanmasına sərf olunmaq üçün edilən həmlələrdir. İlin ikinci yarısından Dövlət Neft Fondundan Azərbaycan büdcəsinə edilən transferlərin həcmi də artıb. Çünki büdcəyə dəyişiklik edilib. Büdcəyə aylıq köçürmələr və Dövlət Neft Fonduna manat kütləsi lazımdır. Bu faktorları da nəzərə almaq lazımdır. Ancaq hələ ki, valyuta artan istiqamətdə gedir. Mərkəzi Bank deyir ki, sərəncamında istənilən qədər dollar ehtiyatı var".

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 9 milyard 173,7 milyon manat, büdcə xərcləri isə 4731,6 milyon manat təşkil edib.

2018-ci ildə Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transferlərin həcminin artırılması nəzərdə tutulur. Bu, "2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" Qanun Layihəsində öz əksini tapıb. Layihəyə əsasən, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfer 10 milyard 966 milyon manat nəzərdə tutulur ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 milyard 750 milyon manat və 19% çoxdur.