USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Valyuta bazarında gərginlik yenidən bərpa edilə bilər” - SAMİR ƏLİYEV

20.08.2018 Bank
0 0
“Qlobal maliyyə bazarlarında ABŞ dollarının bahalaşması, xüsusilə Türkiyə və Rusiyanın milli valyutasının yaratdığı psixoloji təsirlər son həftələr Azərbaycanın valyuta bazarında gərginlik dolu canlama yaradıb”.

"Kommersant.az" xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Samir Əliyev "Facebook" sosial şəbəkəsindəki profilində bildirib.

"Bu canlanmanın aktiv iştirakçıları bir tərəfdən dollar alışına girişmiş əhalidirsə, digər tərəfdən banklardır. Bankların aktivliyinin artması onların Azərbaycan Mərkəzi Bankının (AMB) hərraclarına marağını azaldıb. Təsadüfi deyil ki, avqust ayı başlayandan həm depozit, həm də "Bakı Fond Birjası" QSC-də keçirilən not hərraclarında bankların tələbi əhəmiyyətli dərəcədə azalıb. Avqustun 6-da keçirilmiş depozit hərracında tələb 943,9 milyon manat olduğu halda, avqustun 13-dəki hərracda 746,6 milyon manata, bu gün keçirilmiş sonuncu hərracda isə 569,3 milyon manata düşüb. Bununla da, bankların hərracda tələbi son 6 ayın ən aşağı hədində olub.

AMB-nin qısamüddətli (28 günlük) notlarına da tələb azalıb. Hətta notların orta illik faiz dərəcəsinin 8,01%-dən 8,48%-ə qaldırılması da bankların onlara marağını artıra bilməyib. Avqustun 15-də keçirilmiş sonuncu hərracda tələb 2 dəfə azalaraq son 6 ayda ən aşağı həddə - 383,6 milyon manata düşüb. Halbuki əvvəlki hərracda bu göstərici 704,7 milyon manat olub.

AMB hər iki hərrac vasitəsilə 1,5 milyard manatdan çox vəsaiti dövriyyədən müvəqqəti çıxarmağa müvəffəq olur ki, bu da valyuta bazarına olan təzyiqləri nisbətən azaldır. Ancaq son hərracların nəticələri göstərir ki, onlar valyuta bazarını daim və uzunmüddətli sabit saxlamağa qadir deyil. Bu sabitlik kövrəkdir. Çünki istənilən psixoloji amillər, o cümlədən tam həllini tapmayan kapital axını bu hərracları banklar üçün maraqsız edə bilər. Üstəlik kredit vermək çətinliyi ucbatından son aylar banklarda yaranmış yüksək likvidlik onlar üçün valyuta bazarının cəlbediciliyini getdikcə artırır. Belə vəziyyətdə xarici maliyyə bazarlarında baş vermiş hadisələrin yaratdığı psixoloji amillər və manatın hər hansı məzənnə dəyişikliyi bazarda gərginliyi yenidən bərpa edə bilər", - deyə mütəxəssis qeyd edib.