Kommersiya banklarının xarici borcları açıqlandı
"Kommersant.az" xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da bildirilir.
Qeyd olunur ki, məcmu dövlət borcunun 15 mlrd. 978 mln. manatı (9 mlrd. 398 mln. dollar) və ya 93,9 faizi xarici, 1 mlrd. 29 mln. manatı və ya 6,1 faizi isə daxili dövlət borcunun payına düşür.
“Xarici dövlət borcunun ÜDM-ə nisbəti 22,8 faiz, daxili dövlət borcunun ÜDM-ə nisbəti 1,5 faiz olmaqla, ölkənin məcmu dövlət borcunun 2017-ci ildə ÜDM-ə nisbəti 24,3 faiz təşkil edib. Məcmu dövlət borcunun ölkənin valyuta ehtiyatlarına nisbəti 23,8 faiz olub”, - deyə sənəddə qeyd olunur.
Bildirilir ki, xarici dövlət borcunun 45,1 faizi hesabat dövründən sonra 10 ilə qədər olan müddətdə, 51,2 faizi 10 ildən 20 ilə qədər olan müddətdə, 3,7 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Mövcud portfel üzrə xarici dövlət borcunun 2018-ci ildə nominal ifadədə artaraq, 9,42 milyard dollar olacağı proqnozlaşdırılır.
Bu artımın əsas səbəbi əvvəlki illərdə imzalanmış kredit müqavilələri üzrə nəzərdə tutulan vəsaiti cari tarixə kreditor qurumların tam ayırmaması və bu istiqamətdə 2018-ci ildə istifadə olunacaq vəsaitin həmin öhdəliklər üzrə həyata keçiriləcək ödənişlərə nisbətən daha çox olmasıdır.
Lakin mövcud (cəlb edilmiş) xarici dövlət borcunun 2019-cu ildə 9 milyard dollardan 2025-ci ildə 3,8 milyard dollaradək azalacağı gözlənilir.
İmzalanmış mövcud kredit müqavilələri üzrə xarici dövlət borcuna xidmət xərclərində 2024-cü ilə nəzərdə tutulan kəskin artımın səbəbi 2014-cü ildə hökumət tərəfindən beynəlxalq maliyyə bazarlarında buraxılmış 1 mlrd. 250 mln. dollar məbləğində xarici valyuta nominallı dövlət qiymətli kağızlarının 2024-cü ildə birdəfəlik ödənişlə geri qaytarılmasıdır.