USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycana dollar lazımdırmı? - EKSPERT RƏYİ

29.08.2018 Bank
0 0
"Azərbaycanın Türkiyə, İran, Rusiya ilə hesablaşmalarını milli valyuta ilə aparması indiki vaxtda əlverişli deyil".

Bunu "Kommersant.az"a açıqlamasında maliyyə eksperti Samir Əliyev bildirib. Onun sözlərinə görə, idxaldan asılı ölkələrin bir qayda olaraq dollarla əməliyyatlar aparması məqsədəuyğundur:

"Dünyada aparılan ticarət əməliyyatlarının təxminən 70-75%-i dolların payına düşür. Sıralamada digər yerləri isə avro, yuan, yapon yeni tutur. Onların payı isə çox az, cəmi 2-3%-dir. Ona görə də bütün ölkələr valyuta ehtiyatlarının böyük hissəsini (bir qayda olaraq 60-70%-ni) dollarda saxlayır".

Ekspert vurğulayıb ki, dollarla alış verişin aparılması davam etdirilməlidir:

"Azərbaycan neftdən asılı bir ölkədir. Diversifikasiya olunmamış iqtisadiyyata malikdir, əsas gəlirləri neftdəndir. Türkiyə, İran, Rusiya kimi ölkələrin valyutaları sabit deyil. Türkiyə lirəsi, rus rublu ilin əvvəlindən etibarən hədsiz ucuzlaşıb. Azərbaycan nefti qeyri-stabil valyutalarla satsa belə, onu yenidən dollara çevirməlidir. Ölkə idxaldan asılıdır - bəzi məhsullar 100%, bəziləri isə nisbətən az. Hətta yerli istehsalın özü də idxaldan asılıdır. Sabah dollarımız olmasa xaricdən malları hansı pula ala biləcəyik? Lirə ilə ancaq Türkiyədən gələn malları, rubl ilə isə ancaq Rusiyadan gələn malları ala bilərik. İdxal təkcə Türkiyə və Rusiyadan ibarət deyil. Doğrudur, hər iki ölkə Azərbaycan idxalının təxminən 30%-ni (1/3-ni) təşkil edir, bəs yerdə qalan 70% necə? Göründüyü kimi, bu, real deyil. Dünyada qiymətin müəyyənləşməsi dollar ekvivalenti əsasında aparılır. Düşünürəm ki, Azərbaycana bu gün dollar lazımdır".