Xəbər verdiyimiz kimi, dollar krediti olanların məsələsinə Konstitusiya Məhkəməsi yenidən baxacaq.
"Kommersant.az"ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək xarici valyutada olan kreditlərə münasibətdə Mülki Məcəllənin 422-ci maddəsinin (“Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi”) şərh edilməsini xahiş edib.
Sözügedən maddədə o cümlədən deyilir: “Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar”.
Maliyyə eksperti Samir Əliyev məsələ ilə bağlı redaksiyamıza açıqlamasında bildirib ki, Konstitusiya Məhkəməsinin əhalinin xeyrinə qərar çıxaracağını gözləmir:
"İstənilən müqavilə imzalanan zaman orada fors-major hadisələri tərəfləri müqavilə şərtlərinə yenidən baxmağa məcbur edir. İndiki situasiyada da devalvasiya olması fors-majordur. Çünki bunu nə banklar gözləmirdi, nə də əhali. Düşünürəm ki, Konstitusiya Məhkəməsi bu barədə müsbət qərar çıxarmalıdır. Amma bunun başqa tərəfi də var.Tutaq ki, sabah Konstitusiya Məhkəməsi qərar çıxardı ki, dollarla olan kreditlər köhnə kursla verilməlidir. Bəs indiyə qədər kredit ödəyənlər necə olsun? Bu, evini, avtomobilini satıb borcu ödəyənlərə qarşı ədalətsizlikdir. Hər bir hada müqavilə şərtlərinə yenidən baxılması ilə bağlı Konstitusiya Məhkəməsi qərar verməlidir. Bu qərar daha çox xarici valyutada olan kreditlərin milli valyutaya çevrilməsi istiqamətində və müddətin müştərinin istəyinə uyğun uzadılması şəklində olmalıdır. Əgər hər hansı məzənnə ilə bağlı qərar qəbul olunarsa, (hansı ki, mən buna inanmıram) bu halda, bu vaxta qədər kredit ödəmiş müştərilərin də hüquqları qorunmalıdır. Onlar da nəzərə alınmalıdır.
İqtisadçı qeyd edib ki, qərar əslində devalvasiyadan dərhal sonra verilməli idi:
"Çünki insanlar krediti qaytarmamışdılar. Ancaq indi demək olar ki, əksər hissəsini qaytarıb, az bir hissəsi qalıb. Az hissənin borcunun bağışlanması digərlərinə qarşı ədalətsizlik olar. Belə bir qərarın çıxacağına inanmıram. Tutaq ki, 1 il bundan əvvəl kimsə yeni kursla borcu ödəyib, həmin insanların ödədiyi pul geri qaytarılacaq? Görünür, burada çoxlu suallar var. Məsuliyyət 3 yerə bölünməlidir - bank, hökumət və əhali. Əsas yük hökumətin, sonra isə bankların və əhalinin üzərinə düşməli idi. Yəni, 78 qəpiklə dollar krediti götürənlər məncə 1 manatdan ödəsələr, kifayət edər. Yerdə qalan 70 qəpiyi banklar, hökumət öz aralarında bölüşdürə bilər. Kimsə 1.70 manatdan ödəyibsə, digəri sabah gəlib 78 qəpik ödəsə, bu, ədalətsizlik olar. Əks halda krediti ödəmiş adamlar yenidən şikayət edə bilər ki, pulu ödəmişəm, pulumu geri qaytarın. Həmin pulu kimin qaytaracağı isə məlum deyil. Məsələ vaxtında həll olunsa idi, dövlət də ziyana düşməzdi".
Ekspert eyni zamanda bildirib ki, Azərbaycanda dolların bahalaşması dollar krediti olanların yükünü artıra bilər:
"Bu gün Azərbaycanda dollar bahalaşmayıb (1,7000 manat təşkil edir). Artıq 6-7 aydır ki, valyutanın məzənnəsində heç bir dəyişiklik yoxdur. Banklarda müəyyən bahalaşma olsa da, dollar əvvəlki mövqeyinə qayıdıb. Bu gün əsas həll edilməli məsələ dollar krediti olan şəxslərin kreditlərinin manata çevrilməsi olmalıdır. Məsələn, kiminsə 100 dollar borcu varsa, sabah dollar 2 manat olsa, 100 dolların əvəzinə 200 manat ödəməlidir. Bunun qarşısını almaq üçün avtomatik olaraq manata çevrilməlidir ki, sabah devalvasiya olduqda həmin adamın borcu artmasın".