2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30%-dən çox olmaması və 2025-ci ilədək 20%-dən aşağı salınması hədəfi gözləniləcək.
"Kommersant.az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 24 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyada qeyd edilib.
Eyni zamanda, ümumi dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbətinin 15%-dən aşağı olması hədəflənir.
Qeyd edək ki, 2018-ci il 1 yanvar tarixinə dövlət təşkilatlarının dövlət zəmanəti ilə cəlb olunmuş borclarının ümumi məbləği 21 milyard 561,4 milyon manat təşkil edib. Dövlət zəmanəti ilə cəlb olunmuş məcmu borcun 9 milyard 849,2 milyon manatı (5 milyard 793,3 milyon ABŞ dolları) və ya 45,7%-i xarici borcun, 11 milyard 712,2 milyon manatı və ya 54,3%-i isə daxili dövlət zəmanəti ilə cəlb olunmuş borcun payına düşür.
Eyni zamanda Azərbaycanın özəl sektorunun da xarici dövlət borcu mövcuddur. Bu borcların (dövlət, dövlət zəmanətli və özəl sektorun borcu) böyük bir hissəsinin 2025-ci ilədək qaytarılması üçün ortalama aylıq təxminən 80-100 milyon dollar tələb olunur.
Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın mahiyyətindən danışan iqtisadçı alim Vüqar Bayramov redaksiyamıza açıqlamasında bildirib ki, burada əsas məqsəd borcların ÜDM-dəki payının azaldılmasından ibarətdir:
"Strategiya xarici borclanmanı məhdudlaşdırmağı hədəfləyib. Məqsəd ondan ibarətdir ki, növbəti illərdə Azərbaycan xarici mənbələrdən deyil, daxili borclanma hesabına layihələrin maliyyələşdirilməsini həyata keçirsin. Xarici borclar, əsasən valyuta ilə deyil, ABŞ dolları və ya avro, daxili borclanma isə əsasən Azərbaycan milli valyutası ilə ödənilir. 2025-ci il üçün aylıq ödənişlərin azaldılması hədəflənir. 2018-ci ildə xarici aylıq ödənilən vəsaitin həcmi 100 milyon dollardır. Bu rəqəm 2019-cu ildən etibarən azaldılmağa başlanılacaq. 2025-ci ildə xarici borcların qaytarılması üçün tələb olunan aylıq məbləğ 68 milyon dollar olacaq. Büdcə xərclərinin isə 6,2%-i xarici borcların qaytarılmasına yönəldiləcək. 2025-ci ildə 6,5 milyard dollar borc proqnozu var. 2018-ci ildə bu rəqəm 9,7 milyard dollar təşkil edib. Azərbaycanda ilk dəfə olaraq 2019-cu ildə 10 milyard dollardan çox xarici borc olacaq. Bu isə ÜDM-nin 23%-ni təşkil edəcək. 2025-ci ildə bu rəqəm ÜDM-də 12%-dək azalacaq. Bir sıra qurumlar, o cümlədən Asiya İnkişa Bankı ilə bağlanmış müqavilə üzrə borclar tranşla həyata keçirilir. Onların bir qisminin tranşı ödənilib, 500 milyonluq tranş isə 2019-cu ildə həyata keçiriləcək".
Ekspert eyni zamanda qeyd edib ki, borclanma azruolunan deyil:
"Çünki Azərbaycan iqtisadiyyatının 90%-ni neft və neft məhsulları təşkil edir. Neftin dünya bazarında qiyməti indiki halda yüksək olsa belə, dayanıqlı deyil. 2018 və 2019-cu illərdə büdcədən xarici borcların qaytarılması ilə bağlı ayrılan vəsaitin həcmi yüksəkdir. Bu da onunla bağlıdır ki, 2018-19-cu illərdə xarici borc əvvəlki illərdən daha yüksəkdir. Düşünürəm ki, Strategiyanın qəbul edilməsində əsas səbəblərdən biri borcların idarə edilməsidir. Məqsəd ondan ibarətdir ki, Azərbaycan gələcəkdə xarici borc öhdəliyini artıraraq borclanmaya getməsin. Artımın əsas səbəblərindən biri 2014-cü ildən sonra Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Dünya Bankından alınan borclarla bağlıdır. Azərbaycan, xüsusilə Cənub Qaz Dəhlizinin reallaşması üçün borclanmaya getdi. Ümumilikdə 2014-cü ildən sonra borclanma makroiqtisadi sabitliyin qorunması, eyni zamanda, meqa layihələrin reallaşdırılması üçün cəlb edilib".