USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avtomobil sığortasında ödənişlər niyə azalıb? - EKSPERT ŞƏRHİ

29.08.2018 Bank
0 0
Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı icmala əsasən, avtomobil sığortasında ödənişlər azalıb.

"Kommersant.az" xəbər verir ki, 2017-ci ilin 7 ayı ərzində 6 milyon 576 min manat təşkil etmiş ödənişlər bu ilin eyni dövründə 5 milyon 78 min manata düşüb.

Sığorta mütəxəssisi Xəyal Məmmədxanlı redaksiyamıza açıqlamasında bildirib ki, yol-nəqliyyat hadisələrinin sayı azalanda bu, sığorta ödənişlərinə birbaşa təsir göstərir:

"Sığorta şirkətləri həmişə arzu edir ki, çox pul yığsınlar, az pul ödəsinlər. Statistika isə göstərir ki, sığorta haqları artsa da, ötən illə müqayisədə ilin ilk 6 ayında ödənişlərdə azalma müşahidə olunub. Bazarda sığorta ödənişlərinin azalması şirkətlərə imkan yaradacaq ki, bazara daha yaxşı investisiyalar qoysunlar. Gəlirləri artdıqca isə onlar kadr potensiallarını artıracaqlar. Lakin 6 ayın nəticələrinə görə, hər şey əla olacaq və ilin sonuna qədər zərərlilik eyni formada qalacaq demək olmaz. Zərərin artmasına təsir göstərən əsas amillərdən biri də avtomobillərin qiymətlərinin artmasıdır. Belə olan halda əgər dünənə qədər hansısa zərbəni 300-500 manata ödəmək mümkün olurdusa, bu gün qiymət 1000 manata çatacaq.

Yol-nəqliyyat hadisələrinin ümumi sayında azalma yollarda quraşdırılan radarların, kameraların, sürət həddi ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi ilə (içkili sürücülərlə bağlı aparılan işlər və s.) bağlıdır. Texnoloji inkişaf onu göstərir ki, dünyada hər il yol qəzalarının sayının azalmasına doğru iş aparılır. Avtomobillər elə təhlükəsizlik sitemləri ilə təchiz olunublar ki, qəzanı görən kimi özləri dayanırlar, qəzadan yayınırlar. Avtomobillərin sayı artdıqca isə intensivlik arta bilər".

Ekspert eyni zamanda qeyd edib ki, gələcəyə doğru təkcə Azərbaycanda deyil, eyni zamanda dünya üzrə avtomobil qəzalarının sayı (xüsusilə də ölümlə nəticələnən) azalacaq.