USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Gənclərin maliyyə mənbələrinə çıxış imkanları məhduddur" - EKSPERT

31.08.2018 Bank
0 0
Xəbər verdiyimiz kimi, Azərbaycanda Gənclər Fondunun vəsaitindən veriləcək güzəştli kreditlərin həcmi açıqlanıb.

"Kommersant.az" xəbər verir ki, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən "Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası"na əsasən, fondun vəsaiti hesabına güzəştli kredit almaq üçün gənclər müvəkkil kredit təşkilatına ərizə ilə müraciət edirlər.

Fondun vəsaitindən aşağıdakı hədlərdə güzəştli kredit vəsaiti verilir:

1. 1000 manatdan 10 min manatadək - kiçikhəcmli kreditlər;

2. 10 min 1 manatdan 25 min manatadək - ortahəcmli kreditlər;

3. 25 min 1 manatdan 50 min manatadək - böyükhəcmli kreditlər.

Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir:

1. kiçikhəcmli kreditlər üçün - 1 ilədək;

2. ortahəcmli kreditlər üçün - 3 ilədək;

3. böyükhəcmli kreditlər üçün - 5 ilədək.

Fondun kreditlərinin illik faiz dərəcəsi 1 faiz müəyyən edilir.

Müvəkkil kredit təşkilatının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsi 4%-dən artıq olmamaq şərtilə, ümumilikdə güzəştli kreditlərin illik faiz dərəcəsi 5%-dək müəyyən edilir.

"Gənclər Fondu dövlət xərclərini istifadə edərkən bəzən qrant layihəsində iştirak edən təşkilatlara təzyiqlər göstərir".

Bunu redaksiyamıza açıqlamasında Gənclər Fondunun vəsaitindən veriləcək güzəştli kreditləri şərh edən iqtisadçı ekspert Rəşad Həsənov bildirib. Onun sözlərinə görə, Fond 2011-ci ildə yaradılarkən Nizamnaməsində kreditin verilməsi ilə bağlı maddə öz əksini tapsa da, ötən dövr ərzində qurum daha çox qrant müqavilələri əsasında gənclərin layihələrinin dəstəklənməsi istiqamətində fəaliyyət göstərib:

"Gənclər Fondunun vəsaitlərinin idarə edilməsi ilə bağlı iradlarım var. Vəsaitlərin daha effektiv istiqamətlərə xərclənməsi təmin edilməlidir. Ötən günkü təlimat artıq Gənclər Fondu vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi qaydalarını müəyyənləşdirdi. Bu, kifayət qədər əhəmiyyətli məsələdir. Çünki Azərbaycanda gənclərin maliyyə mənbələrinə çıxış imkanları məhduddur. Gənclərin maliyyə mənbəyi əsasən bank kreditləri hesab olunur. 2014-cü ildən sonra banklar kredit siyasətini məhdudlaşdırdılar. Belə bir şəraitdə gənclərin öz ideyalarını maliyyələşdirmək imkanları da məhdudlaşdı. Dünya təcrübəsində gənclərin müxtəlif maliyyə mənbələrindən istifadə imkanları var (kapital şirkətlər, investorlar ). Azərbaycanda isə bu istiqamətdə təcrübə nisbətən zəif inkişaf edib. Demək olar ki, renkinq kapital anlayışının tam qavranılmadığını müşahidə edirik. Ölkədə kreditləşmə siyasətinin özündə problem var və kredit faizləri çox yüksəkdir. Azərbaycanda gənclər öz ideyalarını reallaşdırmaq məqsədi ilə banklardan 30%-lə kredit götürəcəksə, bu, riski kifayət qədər artırır və biznes layihəsinin uğursuzluq ehtimalını yüksəldir".

Ekspert eyni zamanda qeyd edib ki, Gənclər Fondu tərəfindən illik faiz dərəcəsi 5%-lə təklif olunacaq kreditlər bu istiqamətdə müəyyən qədər yeni mənbə və imkan rolunu oynaya bilər:

"Prosesin icra mexanizmləri şəffaf şəkildə həyata keçirilməlidir. Bənzər təcrübələrin tətbiqindəki qüsurların şahidi olmuşuq. Məsələn, 1 avqustda ləğv olunan Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) fəaliyyətində çox ciddi problemlər var idi. Fond demək olar ki, əhəmiyyətli səviyyədə korrupsiyalaşmışdı. Sahibkara 6%-lə təqdim olunmalı kreditlər bəzi hallarda kommersiya kreditindən baha şəkildə başa gəlirdi (25-30%-lə). Kreditləşmə prosesi şəffaf olmayacaqsa, qeyri-rəsmi ödənişlər tələb olunacaqsa, maneələr yaradılacaqsa, nəzərdə tutulmuş hədəflərə çatılması ehtimalı az olacaq. 10 min manata qədər olan kreditlərə 1 il ödəniş vaxtının verilməsi düşünürəm ki, kifayət qədər kiçik dövrdür. Bu, yaranmaqda olan biznes üçün əhəmiyyətli dərəcədə maliyyə yükü formalaşdırmaqla, effektivliyi aşağı salır. Kiçik kreditlər üçün 3 il, orta kreditlər üçün 5-6 il, böyük kreditlər üçün isə 10 il müddət müəyyənləşməlidir".