USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vergiləri udan "qara mühasibatlılıq" - EKSPERT RƏYİ

31.08.2018 Bank
0 0
“Vergilər Nazirliyi xətti ilə vergi gəlirlərinin cari il üzrə müəyyən edilmiş proqnoz göstəriciləri əlavə dəyər vergisi və fiziki şəxslərin gəlir vergisi üzrə kəsirlərlə, digər vergi növləri üzrə isə artıqlaması ilə yerinə yetirilib”.

"Kommersant.az" xəbər verir ki, bu, Hesablama Palatasının "2018-ci ilin yanvar-iyun ayları üzrə əsas makroiqtisadi göstəricilərin və büdcə parametrlərinin təhlili"ndə qeyd edilib.

Bildirilib ki, fiziki şəxslərin gəlir vergisinin kəsirlə icra edilməsi orta aylıq gəlirlərin və əmək haqqı səviyyəsinin artımı fonunda müşahidə edilib, bu vergi növünün tərkibində yalnız büdcə təşkilatlarında işləyənlərin muzdlu işlə əlaqədar əldə etdikləri gəlirlərindən gəlir vergisi üzrə proqnoz göstəricilərinə nail olunub, 112,0% səviyyəsində icra edilib.

İqtisadçı alim Vüqar Bayramov məsələ ilə bağlı redaksiyamıza açıqlamasında bildirib ki, gəlir vergisinin kəsirlə icra olunması iqtisadiyyatda çalışan işçilərin əhəmiyyətli hissəsinin əmək müqaviləsi bağlamaması, yaxud bağladığı halda müqavilədə əmək haqqının tam olaraq göstərilməməsi ilə bağlıdır:

"Apardığımız monitorinqlər göstərir ki, bu gün özəl, eləcə də bəzi dövlət müəssisələrində "ikili mühasibatlılıq" fəaliyyət göstərir. Bu ona gətirib çıxarır ki, gəlir vergisi tam olaraq ödənilmir. Əmək müqaviləsinin bağlanmaması və ya əmək haqqının tam olaraq göstərilməməsi birbaşa gəlir vergisi ödəməkdən yayınmaq məqsədi daşıyır. Sahibkarlar bununla daha az gəlir vergisi ödəmiş olurlar".

Ekspert eyni zamanda qeyd edib ki, oxşar halların qarşısının alınması üçün nəzarətin gücləndirilməsinə ehtiyac var:

"Özəl və dövlət sektorunda "konvert əmək haqqı sistemi"nin tamamilə ləğvinə, gəlir vergisi dərəcələrinə baxılması və azaldılmasına ehtiyac var. İqtisadi və Sosial İnkişaf Mərkəzi 2017-ci ildən gəlir vergisi dərəcələrinin azaldılması ilə bağlı Azərbaycan hökumətinə, eləcə də Vergilər Nazirliyinə öz təkliflərini təqdim edib. Azərbaycanın sosial vergi dərəcəsi də çox yüksəkdir. Sahibkar əmək haqqı fondunun 22%-ni sosial vergi kimi ödəyir. Eyni zamanda məşğulluq və pensiya fonduna 3%-li ödənişlər həyata keçirir. Sosial verginin işə götürənlə işçi arasında paylaşdırılmasına ehtiyac var ki, sahibkarlar qeyri-leqal əmək müqaviləsinin bağlanmasında maraqlı olmasınlar. Bu baxımdan Məcəllədə dəyişikliklər edilməsinə ehtiyac var. 2019-cu ilin yanvarın 1-dən etibarən gəlir vergisi və sosial vergi ödənişlərinin təkmilləşdirilməsi, eyni zamanda vergi dərəcələrinin aşağı salınması daha məqsədəuyğun olar".