"Hazırda çox fərqli regionlarda ABŞ dollarından imtina edilməsi və ikitərəfli xarici ticarət əməliyyatlarında milli valyutadan istifadə edilməsi müzakirə olunur."
"Kommersant.az" xəbər verir ki, bunu iqtisadçı alim Vüqar Bayramov açıqlamasında bildirib. Onun sözlərinə görə, bir müddət öncə bu məsələdə Rusiya və İran daha aktiv görünürdürsə indi Türkiyədə dollardan imtinaya daha çox çağrışlar var:
"Əvvəlki dövrlərdə də dollardan imtinaya cəhdlər olub və etiraf etmək lazımdır ki, bu cəhdlərin hammısı uğursuz nəticələnib. Hazırda dünya aktivlərinin 62.7%-i dollarda, 20.2%-i avroda saxlanılır. Sonrakı iki yeri bölüşən Yaponiya və Britaniya milli valyutalarının rezerv səbətində payı ayrı-ayrılıqda 5%-ə belə çatmır. Strateji məhsulların da yalnız dollar ilə satıldığını nəzərə alsaq ABŞ valyutası yalnız dünya rezervlərində deyil, eyni zamanda qlobal ticarətdə hegemonluğunu qoruyub saxlayır. Amma dollardan imtinanın hələ ki, real olmaması yalnız ABŞ pulunun hegemonluğu ilə bağlı deyil. Baxmayaraq ki, bunun özü də vacib faktordur."
Ekspert qeyd edir ki, inkişaf etməkdə olan ölkələrin milli valyutalarının bir-biri ilə birbaşa deyil, çarpaz məzənnəsi müəyyənləşir:
"Hətta ölkələr milli valyutalarda xarici ticarət əməliyyatları aparmaq istəsələr də öz pullarını dollar üzərindən konvertasiya etməlidirlər. Digər tərəfdən, inkişaf etməkdə olan ölkələr yığımlarda dolların payını azaltmaq istəsələr belə alternativ olaraq avrodan istifadə edilməlidir. Bu isə o deməkdir ki, Qərb valyutasından imtina hələlik mümkün deyil. Bu baxımdan, indiki dövrdə dollardan imtina cəhdləri daha çox psixoloji və əksər hallarda daxili auditoriyaya ünvanlanan ideoloji mesajlardır. Buna görə də, inkişaf etməkdə olan ölkələr yalnız iqtisadiyyatını inkişaf etdirərək daha çox dollara sahib olmaqla "dollara qarşı mübarizə" apara bilərlər."