Azərbaycanda 4 mart 2016-cı il tarixdən 3 il müddətinə əmanətlərin tam sığortalanması sistemi mövcuddur. 2019-cu ilin 4 mart tarixində isə əmanətlərin tam sığortalanması ləğv ediləcək.
"Kommersant.az"ın xəbərinə görə, fiziki şəxslərin əmanətləri tam məbləğdə sığortalıdır, bu şərtlə ki, milli valyutadakı əmanətin illik faiz dərəcəsi 15%-dən çox, xarici valyutadakı əmanətin illik faiz dərəcəsi isə 3%-dən çox deyil.
Əmanətlərin tam sığortalanmasının ləğvinə təxminən 6 ay qaldığı halda, banka 1 illik əmanət qoyan (məsələn, bu ilin 1 iyul tarixində) vətəndaşların aqibəti necə olacaq?
Məsələyə aydınlıq gətirən hüquqşünas Əkrəm Həsənov redaksiyamıza açıqlamasında bildirib ki, həmin şəxsin əmanəti 30 min manatadəkdirsə, heç bir problem ola bilməz:
"Əmanətlərin tam sığortalanması haqqında" Qanunun 5.2-ci maddəsində deyilir ki, 3 illik "müddət bitdikdən sonra tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən müəyyən edilir".
Hüquqşünas eyni zamanda qeyd edib ki, əgər vətəndaş 30 min manatdan çox əmanət qoyursa, bilməlidir ki, onun əmanət qoyduğu bank 2019-cu ilin 4 martından sonra bağlansa, əmanətinin yalnız 30 min manatı ona kompensasiya ediləcək:
"Həmin şəxslərə tövsiyəm odur ki, əmanətlərini hissə şəklində bir neçə banka qoysunlar. Bir neçə aydan sonra əmanətçilər arasında panika yarana bilər. İndidən bunun qarşısının alınması üçün tədbir görülməlidir".