Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 239,753 milyon manat sığorta haqqı toplanılıb.
"Kommersant.az" xəbər verir ki, bu, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 74,6% çoxdur. Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 4,1% azalaraq 75,822 milyon manata düşüb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 5,4% artaraq 92,76 milyon manata çatıb.
Bu ilin yanvar-avqust aylarında könüllü sığorta növlərinin hesabına isə 374,663 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 48,1% çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 124,64 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 4,7% azdır.
Sığorta bazarı üzrə ekspert Xəyal Məmmədxanlı məsələ ilə bağlı redaksiyamıza açıqlamasında bildirib ki, hər il müvafiq olaraq həyat sığortası növlərində artım nəzərə çarpır:
"Həyat sığortasının Azərbaycanda formalaşması son 5 ili əhatə edir. Artımın xüsusi hissəsini yığım sığortaları təşkil edir. Həyat sığortasına ayrılan pullar gəlir vergisindən azad olunduğuna görə bəzən həm şirkətlər, həm də insanlar həyat (yığım) sığortasında iştirak edirlər. Öz əmək haqlarını vergidən azad edərək ödəyirlər və 3 il sonra onu sığorta şirkətlərindən geri alırlar. Həyat sığortasının icbari növündə də artım nəzərə çarpır. Bu ilin yanvar-avqust aylarında könüllü sığortalar da 48% artıb. Könüllü sığorta növləri üzrə ödənişlər (hadisə zamanı müştərilərə ödənilən pul) isə azalıb".
Ekspert qeyd edib ki, ödənişlərin azalması sığorta şirkətləri üçün sevindirici haldır:
"Onların zərərləri nə qədər az olsa, o qədər çox gəlir qazanırlar. Ümidvaram ki, bu azalmalar sığortalıların layiq olduqları ödənişləri kəsməklə baş vermir. Böyük ehtimalla hadisələrin sayının azalması buna əsas yaradıb. Məsələn, avtomobil sığortası üzrə ödənişlər azalıb. Yollarda nəzarət kameralarının quraşdırılması səbəbindən, xüsusilə də paytaxtda sürücülər sürət həddini aşmırlar. Avtomobillərin qiyməti bahalaşdığına görə də insanlar onları qoruyaraq idarə edirlər. Ödəniş bu hallarda azala bilər: hadisələrin sayının azalması və hadisələr nəticəsində vurulan zərərlərin dəyərinin aşağı düşməsi. Məsələn, əgər əvvəllər hər qəza nəticəsində 3500 manat ödənilirdisə, bu gün hər sığorta hadisəsinə 2000 manat ödənilir. Arzuolunmayan ehtimal isə ondan ibarətdir ki, əvvəllər sığorta şirkətləri insanlara daha yaxşı pul verirdilər, indi isə onu kəsməyə çalışırlar".
X.Məmmədxanlı bazardakı sığorta şirkətlərinin bir neçəsinin kapitallaşma problemi ilə üz-üzə qaldığını bildirib:
"Hazırda bazarda 21 sığorta şirkəti var. Bəzi kiçik şirkətlərin maliyyə hesabatlılığı normal görünsə də, onlarda kapitallaşma problemi nəzərə çarpır. Onların birləşmə və satılmaya getmə kimi aqibəti ola bilər. Bugünkü bazar şəraitindəki rəqabətə davam gətirmək üçün ciddi kapitallaşmaya ehtiyac var. Ciddi sayazalma proqnozlaşdırmıram. Düşünürəm ki, maksimum 2-3 şirkət bazarı növbəti 5 il ərzində tərk edə bilər".