USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avtomobillərə dəymiş ziyanı kim ödəyəcək? - AÇIQLAMA

24.09.2018 Bank
0 0
Dünən səhər saatlarından başlayan güclü yağış Bakıda bir sıra fəsadlar törətdi.

"Kommersant.az" xəbər verir ki, paytaxtın yeraltı keçidləri, tunel və küçələrdəki avtomobillər sular altında qaldı.

Bəs həmin avtomobillərə dəymiş zərər kim tərəfindən ödəniləcək?

Sığorta eksperti İlkin İbrahimov məsələ ilə bağlı redaksiyamıza açıqlamasında bildirib ki, əgər avtomobilin "Kasko" könüllü sığortası varsa, subasma, nəqliyyat vasitəsinin üzərinə hansısa əşyanın düşməsi kimi hallarda sığorta ödənişi almaq mümkündür:

"İcbarı sığortası olanlar evlərinə dəymiş zərərə görə ödəniş ala bilərlər. Avtonəqliyyat vasitələrinin icbari sığortasında isə təbii fəlakətlər zamanı dəymiş zərərin ödənilməsi sığorta təminatına daxil deyil. "Kasko" könüllü sığortası üzrə ödənişin məbləği isə sığorta şirkətlərindən asılı olaraq dəyişir. Maşının dəyərindən asılı olaraq 2-4% olmaqla, dəymiş zərərə görə sığorta haqqından asılı olaraq dəyər müəyyən edilir. Dəyərə əsasən sığorta ödənişi verilir".

Sığorta eksperti Xəyal Məmmədxanlı isə "Kommersant.az"a açıqlamasında qeyd edib ki, maşın əgər tam yararsız hala düşübsə, tam sığorta məbləği ödənilir:

"Zərər tam yox qisməndirsə, o zaman dəyən zərər məbləğində pul ödənilir. Məsələn, maşın 20 min manat dəyərində sığortalanıbsa, təbii fəlakətdən sonra müəyyən olunsa ki, maşına dəymiş zərər onun dəyərinin 75%-dən çoxdur, yəni 15 min manatdan artıqdır, o avtomobil məhv olmuş sayılır. Sığorta şirkəti tam məbləği - 20 min manatı ödəyir. Maşından geri qalanlar isə sığorta şirkətinə keçir".