USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda inflyasiya olacaq?

27.09.2018 Bank
0 0
Asiya İnkişaf Bankı Azərbaycanda inflyasiyanın sürətlənəcəyini proqnozlaşdırır.

"Kommersant.az" xəbər verir ki, bankın proqnozuna görə, 2019-cu ildə ölkədə inflyasiya 5%-dək sürətlənəcək.

Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov portalımıza Asiya İnkişaf Bankının proqnozlarını şərh edərkən qeyd edib ki, növbəti ildə ölkədə inflyasiya 4-7% səviyyəsində qorunub saxlanacaq:

"Asiya İnkişaf Bankı Azərbaycanla sıx şəkildə əməkdaşlıq edir. Xüsusilə avtomobil yollarının çəkilişinə investisiya ayırır. Azərbaycan haqqında kifayət qədər məlumatlı qurumdur. Bu baxımdan bankın proqnozlarında müəyyən qədər həqiqətə uyğunluq var. Azərbaycan Mərkəzi Bank (AMB) inflyasiyanın birrəqəmli səviyyədə qorunub saxlanılmasında maraqlıdır. 2 il əvvəl inflyasiya 13-18% olmuşdu".

Millət vəkili qeyd edib ki, Azərbaycanın tədiyyə balansında profisit yoxdur:

"Son 2 ildə ixrac idxalı üstələdiyi üçün müsbət saldo əldə olunub (4-5 milyard). Bu il rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində qorunub saxlanıb. Bunun səbəbi, ticarət balansının müsbət olmasıdır. Müsbət balansı isə neftin yüksək qiyməti və son 7-8 ildə qeyri-neft sektoruna kifayət qədər investisiya yatırılması formalaşdırıb. Sənaye parklarının yaradılması, kənd təsərrüfatına diqqətin artırılması (ixracın genişləndirilməsi) öz bəhrəsini verir. Son illər neftin ixracında OPEC-lə əməkdaşlıq çərçivəsində məhdudlaşdırma tətbiq edilir. Ona uyğun şəkildə də neft istehsalı həyata keçirilir. Neft istehsalında ciddi artım gözləmirəm. Çünki neft daimi deyil. Yeni yataqların istifadəyə verilməsi ilə istehsal artır. Köhnə yataqlarda neft hasilatı 0,1 - 0,2% azala bilər. Qaz ixracı da əsas məsələlərdən biridir. Azərbaycanın 2 - 3 trilyon kubmetr qaz ehtiyatı var. Bu da ixracın əsas mənbələrindən biridir".

V.Əhmədovun sözlərinə görə, ilin sonunadək kommunal xidmətlərin tariflərində ciddi dəyişiklik gözləmir.

Eyni zamanda qeyd edib ki, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini 0,25% artıraraq 2 - 2,25% səviyyəsinə çatdırması da inflyasiya səviyyəsinə müəyyən qədər öz təsirini göstərəcək:

"Dünya iqtisadiyyatında baş verən ticarət müharibələri ticarətə təsir göstərərək, inflyasiyaya səbəb olur".

Qeyd edək ki, Azərbaycanda inflyasiya bu ilin yanvar-iyun aylarında 3% olub, 2017-ci ildə isə 12,9% təşkil etmişdi.