Ölkə prezidentinin 6 dekabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə sığorta bazarının inkişafı və genişləndirilməsi məqsədi ilə yeni icbari sığorta növlərinin (kənd təsərrüfatı sığortası, mikrosığorta, müştərək sığorta və s.) tətbiqi prioritet olaraq müəyyən edilib.
"Kommersant.az" xəbər verir ki, müştərək sığorta (mutual insurance) kənd təsərrüfatı, avtomobil, ev, fərdi qəza və daha çox sığorta məhsullarında tətbiq olunur.
Azərbaycanda müştərək sığorta ilə bağlı vəziyyət necədir?
Sığorta bazarı üzrə mütəxəssis Xəyal Məmmədxanlı məsələ ilə bağlı redaksiyamıza açıqlamasında qeyd edib ki, qanunvericilikdə müştərək sığorta anlayışı müəyyən olunmayıb:
"Azərbaycanda həmin sığortanın başqa forması tətbiq olunur. Ənənəvi sığorta növlərində, məsələn, sığorta şirkəti hansısa riski sığortalayırsa, sahibkar öz riskini 100% olmaqla həmin sığorta şirkətinə ötürür. Müştərək sığortada isə riskin bir hissəsini sahibkar öz üzərində, digər hissəsini isə sığorta şirkətində saxlayır. Hər hansı zərər olduqda hər kəs öz payını ödəyir. Müştərək sığorta bir növ franşiza (azadolma məbləği) rolunu oynayır. Məsələn, müqavilədə yazılır ki, müştərək sığorta faizi 20-30%-dir. Bu o deməkdir ki, riskin 20-30%-i sığortalının öz üzərində qalır. Digər hissəsi isə sığorta şirkətinə keçir. İngiltərə, Türkiyə kimi ölkələrin praktikasında müştərək sığorta qarşılıqlı sığorta adlanır. Kommersiya məqsədi ilə edilən sığorta deyil, sırf əməkdaşlıq və birgə risk daşımaq məqsədi ilə sığortalılar riskləri öz aralarında bölüşdürürlər (sığortaya əlavə pul ödəmirlər). Hadisə baş verməyəndə heç bir tərəf gəlir götürmür. Əslində sığortaçı da, sığortalı da sahibkarların özləri olur".
Sığorta eksperti bildirib ki, vətəndaşlar ilk növbədə aktivlərini idarə etməyi, risklərini dəqiqliklə hesablamağı bacarmalıdırlar:
"Yalnız bundan sonra ölkədə müştərək sığortanın inkişafından danışmaq olar".
Qeyd edək ki, 1666-cı ildə Londonda baş verən böyük yanğın nəticəsində şəhərin əksər evlərinə, vəziyyətinə külli miqdarda ziyan dəymişdi. Bu təbii fəlakət ilk müştərək sığorta şirkəti olan "British American Assurance Company"nin qurulmasına gətirib çıxardı. 1850-ci ilin ortalarında isə Kanadanın 14 fermeri tərəfindən əsası qoyulan "Ontario Mutuals" hazırda dünyanın ən güclü maliyyə şəbəkələrindən hesab olunur.
Müştərək sığortada gəlir üzvlər arasında divident kimi bölüşdürülürdü və bir qismi sığorta "hovuzu"nda toplanılaraq, üzvlərə hadisə baş verdiyində bu "hovuz"dan ödəniş edilirdi. Sığorta şirkətləri riskləri dəyərləndirərkən hər hansısa maliyyə modelində, aktuari hesablarını etmədən qarşılıqlı güvən sığorta müqaviləsi imzalayırdılar. Bunun əvəzinə, fermerlər sığorta razılaşması edərkən risk araşdırması etmirdilər.