USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank filiallarında 1 nəfər işləyəcək - AÇIQLAMA

01.10.2018 Bank
0 0
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə "Rəqəmsal ödənişlərin genişləndirilməsi” istiqamətində konkret tapşırıq verilib.

"Kommersant.az" xəbər verir ki, Azərbaycanda maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində də qeyd olunub ki, maliyyə inklüzivliyinin artırılmasına xidmət edən nağdsız əməliyyatların genişləndirilməsi imkanları mövcuddur. Beynəlxalq hesabatlara görə, "Dünyanın 100 nağdsız şəhəri” siyahısına salınan Bakı şəhəri tam nağdsız dövriyyəyə keçərsə təxmin edilən ümumi gəlir 1,9 milyard dollar, o cümlədən, istehlakçının gəliri 0,1 milyard dollar, biznes gəlirləri 1,4 milyard dollar, hökumətin gəlirləri 0,4 milyard dollar artar. Bu proses nəticəsində 15 il ərzində məşğulluq 3,5% arta bilər.

Xatırladaq ki, bu ilin 26 sentyabrında "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" təsdiq edilib.

Bəs bankların süni intellektdən istifadəsi hansı səviyyədədir?

İqtisadçı alim Vüqar Bayramov məsələ ilə bağlı redaksiyamıza açıqlamasında bildirib ki, Azərbaycan banklarında süni intellektdən zəif şəkildə istifadə olunur:

"Çünki bankların təklif etdiyi xidmətlərin dairəsi geniş deyil. Bankların süni intellekti transfer etmək və ondan istifadə etməklə bağlı imkanları xeyli zəifdir. Süni intellektdən istifadə, bankın daha çox gəlir əldə etməsinə və xərclərinin minimumlaşdırılmasına gətirib çıxara bilər. Azərbaycanın kommersiya banklarında yaxın vaxtlarda süni intellektin daha geniş və kütləvi şəkildə tətbiqinin həyata keçiriləcəyi inandırıcı deyil".

İqtisadçı ekspert Elman Sadiqov isə "Kommersant.az"a açıqlamasında qeyd edib ki, Azərbaycan banklarının süni intellektdən istifadəsi üçün ən azından 20-30 il vaxt lazımdır:

"Azərbaycanda fəaliyyət göstərən bir sıra banklarda mobil bankçılıq xidməti var. Müsbət hal ondan ibarətdir ki, banklarda mərkəzləşmə də var. Yəni, banklar bir sıra əməliyyatları 24 saatlıq rejimdə təqdim edə bilir. Rəqəmsal bankçılıq ənənəvi bankçılığı sıxışdırmır. Sadəcə olaraq imic dəyişir. Yəni, 1 filialda 1-2 işçi olacaq. Banklarda iş prinsiplərinə görə, əsasən, ön (front) və arxa (back) ofislər mövcuddur. Ön ofis müştərilərə birbaşa xidmət göstərir, birbaşa təmasda olur, arxa ofis isə ön ofisin işini dəstəkləyir, hesabatını aparır və nəzarət edir. Hazırda müştərilərə daha sürətli və optimal xidmət göstərmək üçün ön ofis maksimum şəkildə və sürətlə avtomatlaşdırılır, rəqəmsallaşdırılır. Burada işçi sayı azalacaq. Lakin, arxa ofisdə isə əksinə".

İqtisadçı vurğulayıb ki, getdikcə artmaqda olan kredit və yaranan problemli kreditlər portfeli hüquqşünasların sayının artmasına səbəb olur:

"Son dövrlərdə geniş tətbiq olunan komplayəns ("compliance" ingilis sözü olub, "riayət etmək", "uyğunluq" deməkdir) işi üzrə kadrlara geniş ehtiyac yaranıb. Bir sıra banklarda bu sahə üzrə işçi çatışmazlığı hiss olunur və işçi axtarırlar. Hazırda Avropa banklarında bu sahədə çoxlu vakant yerlər var. Məsələn, təkcə son bir neçə ildə "HSBC" bankı komplayəns işini həyata keçirəcək 3000 nəfərdən çox əməkdaşı işə cəlb edib. İnsansız şöbələrə texniki dəstək göstərəcək əməkdaşların sayı daha da çox olacaq. Banklarda rəqəmsallaşma artdıqca informasiya texnologiyaları departamenti daha da genişlənəcək və bu istiqamətdə işçilərə ehtiyac artacaq".