Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin sentyabr ayı ərzində 394,8 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
"Kommersant.az" xəbər verir ki, bu göstərici ötən ilin müvafiq ayında 252 milyon dollar təşkil edib.
Maliyyə üzrə ekspert Samir Əliyev məsələ ilə bağlı redaksiyamıza açıqlamasında qeyd edib ki, bu ilin fevral ayından sonra (364 milyon dollar) sentyabr dolların ən az satıldığı ay olub:
"SOCAR az vəsait satır. Qurumun dollara ehtiyacı var. Dollar satan əsas institut Dövlət Neft Fondudur. Lakin valyuta bazarının həcmi Fondun satdığı dollarla ölçülmür, ondan daha çoxdur. 2018-ci ilin 9 ayı ərzində Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən təxminən 4,6 milyard dollar satılıb. 2017-ci ilin 9 ayı ərzində satılan valyutanın həcmi isə 4,3 milyard məbləğində olub (Dövlət Neft Fondu tərəfindən Mərkəzi Banka makroiqtisadi sabitlik məqsədi ilə ayrılan vəsait də daxil olmaqla). 2016-cı ilin 9 ayı ərzində isə Dövlət Neft Fondu ilə Mərkəzi Bankın satdığı valyutanın ümumi məbləği təqribən 4,8 milyard təşkil edib. Prezident tərəfindən 15 sentyabr 2016-cı ildə icra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalandı. Fərmana əsasən, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən 2018-ci il 1 yanvar tarixinədək idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması dayandırıldı. Bu isə valyutaya tələbatı artırdı. Nəticədə 2017-ci ildə dollar satışında azalma baş verdi".
Ekspert bildirib ki, növbəti il də dollara tələbat artacaq:
"Dollara tələbatı bir neçə amil formalaşdırır: 1) İdxalın artması. Ölkədə nə qədər ki, idxaldan asılılıq yüksədir, dollara tələbat da yüksək olaraq qalacaq. 2) Kapital axını (əsasənTürkiyəyə), 3) Qeyri-rəsmi kapital axını. Turizm, xaricdə təhsil və s. dollara tələbatı yaradan köməkçi amillərdir. Qonşu ölkələrdə milli valyutaların dollar qarşısında ucuzlaşması vətəndaşlarda psixoloji duruma səbəb olur. 2015-ci il devalvasiya şokuna görə də insanlar pullarını dollara çevirərək saxlamağa üstünlük verir".