USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pul gizlədənlər həbs olunacaq

18.10.2018 Bank
0 0
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Nazirlər Kabineti "Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi Qaydası"nı təsdiqləyib.

"Kommersant.az" xəbər verir ki, yeni qaydalara görə, ölkədən 20 min manata qədər valyuta çıxarılarkən şifahi bəyan etmək, 20 min manatdan artıq valyuta çıxarılanda isə yazılı bəyan etmək tələb olunacaq.

Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər milli valyutanı məhdudiyyət olmadan müvəkkil banklar və ya poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.

Yeni qaydaları şərh edən hüquqşünas Əkrəm Həsənov redaksiyamıza açıqlamasında bildirib ki, müvafiq məbləğ indiyə qədər 17 min manat civarında idi:

"Dəfələrlə açıqlamalarımda qeyd etmişdim ki, Nazirlər Kabineti, Mərkəzi Bank valyuta qaydalarında dollar yazmalı deyil. Azərbaycanın milli valyutasına hörmət nöqteyi-nəzərindən, yeni Qaydanı müsbət qiymətləndirirəm".

Ekspert vurğulayıb ki, ölkədən 20 min manatdan artıq valyuta çıxarılanda yazılı bəyanat verməyən şəxs 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər:

"Bu, 206-cı maddə ilə (Qaçaqmalçılıq) reallaşdırıla bilər. Müvafiq maddəyə uyğun olaraq gömrükdə bəyan etməməklə əmlakın ölkədən çıxarılması beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır", - deyə hüquqşünas qeyd edib.