Bankların bir qismi 3-cü rübə olan hesabatını açıqlayıb.
"Kommersant.az" xəbər verir ki, "Bank of Baku"nun məcmu kapitalı bu ilin 9 ayına 27 milyon 452 min manat təşkil edib. Bu, ötən ilin 3-cü rübü ilə müqayisədə 3 milyon 161 min manat azdır. "AG Bank"ın isə hazırda 40 milyon 846 min manat məcmu kapitalı var. Bu yerdə bildirək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) banklara qarşı məcmu kapital tələbinə görə, bankın məcmu kapitalı 50 milyon manatdan az olmamalıdır.
Bankların hesabatlarını şərh edən iqtisadçı alim Vüqar Bayramov redaksiyamıza açıqlamasında bildirib ki, bankların bağlanması arzuolunan deyil:
"Rəqəmlər göstərir ki, bəzi bankların məcmu kapitalı yerinə yetirməsi ilə bağlı problemləri var. Bu isə onların bağlanması və ya bağlanma ilə bağlı qərarın qəbul edilməsi anlamına gəlməməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatası ilin sonunda qiymətləndirmə apararaq banklarla bağlı qərarını elan edəcək. Məcmu kapitalın artırılması ilə bağlı banka verilən müddət ərzində məcmu kapital 50 milyon manata çatdırıla bilmirsə, bankın bağlanması ilə bağlı qərar çıxarıla bilər. Palata, eləcə də Azərbaycan Mərkəzi Bankı (AMB) çalışmalıdır ki, bankların bağlanmasını yox, sağlamlaşdırılmasını həyata keçirsin. Bank sektoru, iqtisadi, xüsusilə də real sektorun inkişafı baxımından kifayət qədər əhəmiyyətlidir. 2016-2017-ci illərdə 11 bankın bağlanması bank sektoruna mənfi təsir göstərdi. Bu fakt ondan xəbər verir ki, Palata tərəfindən bankların sağlamlaşdırılması siyasəti aparması daha məqsədəuyğundur. Palatanın son nizamnaməsində edilən dəyişikliklərdən və idarəetmə aparatının çevikləşməsindən sonra bankların sağlamlaşdırılması istiqamətində fəaliyyətini daha da genişləndirə biləcəyi ehtimal olunur".
İqtisadçı, bəzi bankların məcmu kapitalını yerinə yetirməsi ilə bağlı yaranan problemlərin səbəblərindən də danışıb:
"Məcmu kapitalı yerinə yetirməkdə çətinlik çəkən bankların ən böyük problemi məhz əvvəlki dövrlərdə problemli kreditlərin geri qaytarılmasındakı çətinliklərlə bağlıdır. Kreditlər kifayət qədər yüksək faizlərlə verilib. Bank sektorunda bu konteksdə görüləcək işlər çoxdur. Əsas problemlər bankın özündən qaynaqlanır. Təəssüf ki, 2010 və 2014-cü illərdə Azərbaycanda kredit bumu yaşandı və kifayət qədər yüksək faizli kreditlər banklar tərəfindən paylaşdırıldı. Bahalı kreditlərə asan çıxış imkanları müşahidə olundu. Nəticədə devalvasiyadan sonra həmin bahalı kreditlərin qaytarılması ilə bağlı çətinliklər yarandı. Çətinliklər bu gün də davam etməkdədir".
Ekspert, vəziyyəti yaxşı olan bankları da qeyd etməyi unutmayıb:
"9 ayın rəqəmlərinə baxsaq, kredit və depozit portfelində artımlar var. Bu, müsbət tendensiyadır. Söhbət 12 milyard manatdan artıq olan kredit və 18 milyard manatdan artıq olan depozit portfelindən gedir. Təxminən 20 bank, sistem əhəmiyyətli hesab edilir. Onların vəziyyəti müqayisəli şəkildə normal hesab olunur. 5 bankın vəziyyəti isə daha yaxşıdır".