USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Ata Bank" hesabatını açıqladı - 140 MİLYON KAPİTAL

25.10.2018 Bank
0 0
“Ata Bank” ASC 2018-ci ilin 9 ayını 86 min manat xalis mənfəət ilə başa vurub. Bankın məcmu kapitalı 140 milyon manata yaxın olub.

“Kommersant.az” "Ata Bank"ın maliyyə hesabatlarına əsasən xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə “Ata Bank”ın cəmi gəlirləri 35 milyon 333 min manat, o cümlədən faiz gəlirləri 31 milyon 274 min manat, qeyri-faiz gəlirləri 4 milyon 59 min manat təşkil edib.

Bankın cəmi xərcləri isə 36 milyon 878 min manat olub və nəticədə bankın 1 milyon 545 min manat əməliyyat zərəri yaranıb. Əvvəlki illə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış ehtiyatın 1 milyon 631 min manatı azad olub və bu məbləğ gəlirə əlavə edilib. Nəticədə həm bankın əməliyyat zərəri bağlanıb, həm də 86 min manat xalis mənfəət təmin olunub.

2017-ci ilin yanvar-sentyabr ayları ərzində “Ata Bank”ın cəmi gəlirləri 40 milyon 785 min manat, o cümlədən faiz gəlirləri 36 milyon 205 min manat, qeyri-faiz gəlirləri 4 milyon 580 min manat təşkil etmişdi. Bankın cəmi xərcləri isə 34 milyon 971 min manat olmuş və nəticədə Bankın 5 milyon 814 min manat əməliyyat mənfəəti yaranmışdı. Ötən ilin 9 ayında “Ata Bank” əməliyyat mənfəətinin 4 milyon 142 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmışdı. Nəticədə Bank cari ilin 9 ayını 1 milyon 673 min manat xalis mənfəətlə bağlamışdı.

30 sentyabr 2018-ci il tarixdə “AtaBank” ASC 589 milyon 146 min manat cəmi aktivlərə, 444 milyon 694 min manat cəmi öhdəliklərə və 144 milyon 452 min manat cəmi balans kapitalına malik olub.

30 sentyabr 2018-ci il tarixdə "Ata Bank" 139 milyon 353 min manat məcmu kapitala malik olub. Böyük məbləğdə məcmu kapitala malik olması "AtaBank"ın güclü tərəflərindən biridir.